“Microsoft” ABŞ hüquq-mühafizə orqanlarına “yox” dedi
ABŞ-ın və dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan “Microsoft” özünün insan üzünü tanıyan texnologiyasını ABŞ hüquq-mühafizə orqanlarına satmaqdan imtina edib.
Şirkət bəyan edib ki, ABŞ-da polisin bu texnologiyadan istifadəsini tənzimləyən xüsusi qanun qəbul edilənədək onu hüquq-mühafizə orqanlarına verməyəcəklər.
Şəffaflıq.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzetinə müsahibəsində şirkətin prezidenti Bred Smit məlumat verib:
“Biz bu texnologiyadan istifadəni tənzimləyən milli qanun qəbul olunmayanadək onu ABŞ polisinə satmayacağıq”.
Qeyd edək ki, “Microsoft”dan əvvəl IBM və “Amazon” da üz tanıyan texnologiyalarını ABŞ polisinə satmaqdan imtina ediblər.
“Amazon”, həmçinin bəyan edib ki, bir il müddətində ABŞ polis idarələrinə özünün “Rekognition” əlavəsindən istifadəyə də icazə verməyəcək. Bu əlavə bir müddət əvvəl qaradərili insanların üzünün tanınmasında qeyri-dəqiqliyə yol verməsi səbəbindən tənqid olunmuşdu.
Facebook-da paylaş