Qüdrət Həsənquliyev: “Bu qədər vəsaitin parlamentsiz bölüşdürülməsini ədalətsizlik hesab edirəm”

 

“İki ay öncə koronavirusa görə hökumətin hüquqi və fiziki şəxslərə hələ yardım verməsindən öncə jurnalist dostlarımızdan biri yardım paketinə münasibətimi soruşdu. Dedim inşallah, qoy Milli Məclisə daxil olsun, tanış olaq, sonra ona münasibətimizi bildirərik. Sonra isə bəlli oldu ki, bu, ümumiyyətlə, Milli Məclisdə müzakirə olunmayacaq.  

Bu fikirləri deputat Qüdrət Həsənquliyev Milli Məclisdə, hökumət üzvlərinin də iştirak etdiyi müzakirələrdə söyləyib. O, əlavə edib ki, söhbət təqribən 3,5 milyard manatlıq vəsaitdən gedir: “Deputat həmkarlarımın diqqətinə çatdırım ki bu, Azərbaycanın 1999-cu ildəki dövlət büdcəsindən çoxdur. O vaxt Azərbaycanın dövlət büdcəsi 3 milyard 370 milyon idi. Bu qədər vəsaitin parlamentsiz bölüşdürülməsini ədalətsizlik hesab edirəm. Biz respublikayıq, ölkədə parlament var. Burada həm parlament, həm icra hakimiyyəti eyni partiyaya mənsub olsa da, hər dövlət orqanının özünün funksiyaları var. Dövlət hakimiyyət orqanları bir-birinə qarşılıqlı, nəzarət və əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər. Ona görə də bu qədər vəsaitin nümayəndəli orqanın razılığı olmadan bölüşdürülməsini doğru saymıram”.  

Deputat Hesablama Palatasının rəhbəri Vüqar Gülməmmədova büdcənin icrası ilə bağlı ətraflı təhlil apardıqlarına görə təşəkkür edib. Eyni zamanda hesabatla bağlı bəzi fikirlərini də bölüşdü və sənəddəki 1 milyard 316 milyon 400 manatlıq “fantastik rəqəm”dən də bəhs edi: “Bu qədər böyük məbləğdə dəyişikliklərin edilməsi üçün biz hökumətə səlahiyyətlər verə bilmərik”- deyə, bildirdi.

Q.Həsənquliyev xərclərlə bağlı məhdudiyyətlərin qoyulmasını zəruri saydı. Daha sonra maliyyə naziri Samir Şərifova xitab edərək “ali təhsil köməkçi bölməsi üzrə xərclər 5,2 dəfə artırılıb. Burada 3-5 faiz dəyişiklikdən getmir. Onda belə çıxır ki, biz burda nə təsdiq etsək də, onda hökumət büdcəyə istədiyi kimi dəyişikliklər edir, özü də parlamentin razılığı olmadan”.

Q.Həsənquliyev əlavə etdi ki, dövlət zəmanəti ilə götürülən borclar sonradan parlamentin qərarı ilə büdcədən geri qaytarılır: “Əgər parlament o qərarı qəbul edirsə, onda niyə həmin müqavilələr parlamentdə təsdiq olunmasın? Bizim burda çox savadlı iqtisadçılarımız var, biz araşdırmayaqmı ki, bu borcun götürülməsi nə dərəcədə əsaslıdır, buna ehtiyac varmı? Axi, sonradan o vəsaitlər camaatın ödədiyi vergi hesabına geri qaytarılacaq. Ona görə də biz müvafiq qanunvericiliyə dəyişiklik etməklə, bu məsələni qanunvericiliyə daxil etməliyik. Borc müqavilələri parlamentdə təsdiq olunmalıdır”.   


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}