Psixoloqlar koronavirusun cəmiyyətə təsirlərini açıqladılar

 

Dünyada hökm sürən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədiə hazırda ölkədə may ayının 4-ə kimi xüsusi karantin rejimi mövcuddur. Bu da o deməkdir ki, qeyd edilən tarixə kimi zəruri ehtiyac omadıqda evdə qalmalıyıq.

Sosial şəbəkələri izləyərkən karantin rejiminin insanlara müxtəlif şəkildə təsir etdiyi məlum olur. Kimisi bu virusa yoluxmaqdan qorxur, kimisi yaşlı valideynlərinə görə gərginlik keçirir, kimisi də darıxırıq yazır.

Bizimyol.info-ya açıqlama verən psixoloqlar bu şəxslərə psixoloji yardımın təşkil olunmasının vacibliyini bildirirlər. Burada əsas məqsəd çətin vəziyyətdə olan insanların yanında olmaq, onları psixoloji problemləri ilə tək qoymamaq, mənəvi dəstək olmaqdır.

Psixoloq Fərqanə Mehmanqızı bildirib ki, insanların cəmiyyətdən qopmağı, sosial mühitdən təcrid olunmağı, virusun ölüm təhlükəsi insanın psixologiyasında travmalar və izlər qoyur: “Biz bunun təsirlərini postpandemiya dövründə-insanların normal həyata qayıtdığı dövrdə aydın görəcəyik. Aqressiya, ölüm fobiyası, somatik depressiya, xronik depressiya, panik atak problemləri əminəm ki cəmiyyətdə özünü göstərəcək.

Onu da bildirim ki, xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq evdə vaxt keçirən şəxslər oldu, özünə vaxt ayıran şəxslər oldu. Tövsiyyə edirəm ki, dünənə qədər özümdə dəyişiklik etməyə vaxtım yoxdur deyənlər özündə dəyişiklik edə bilərlər, özünü inkişaf etdirə bilərlər. Bu günlər ətrafımızda olan şəxslərə və özümüzə olan davranışımızı korreksiya etmək üçün ən uyğun şəraitdir”.

 
Psixoloq İlhamə Musa qızı bildirib ki, insanları alışdıqları həyata geri dönmələri üçün darıxıblar: “Hazırda vəziyyət elədir ki, bəziləri ailə üzvlərinə belə karantin dövründə yaşadığı sıxıntıları paylaşa bimir, buna görə də aqressiv davranışlar nümayiş etdirir.

 
Bu vəziyyət çox insanlarda psixoz vəziyyət yaradıb. Bəziləri evdə ailə üzvlərinə münasibətində aqressiv davranışlar nümayiş etdirir. Həyat yoldaşları arasında problemlər yaşanır. Əvvəllər insanlar biri-birini az gördükləri üçün darıxırdılar, lakin indi...

Əslində karantin rejimi insanların bir-birini daha yaxşı tanımaqları üçün bir şəraitdir. İnsanlara səhvlərinə görə aqressiv davranış nümayiş etdirmək əvəzinə problemin həll yollarını birlikdə axtarıb tapmaq ailəni daha çox möhkəmləndirir. Məsələn, çütlüklər üçün xatirələri təzələmək ən gözəl məşğuliyyət ola bilər”.

Psixoloq ailələrə məsləhətini verdi: “Çalışın oxuduğunuz xəbərlər düzgün mənbələrdən olsun. Evdə gününüzü daha produktiv etməyə çalışın. Ailənizlə vaxt keçirib, övladlarınıza vaxt ayırın. Onlarla oyunlar oynayıb, dərsləri ilə maraqlanıb sevindirin. Ən çoxda mən bunu ataların etməsini məsləhət görərdim. Çünki çox vaxt müraciət edən pasientlər arasında daha çox ataları tərəfindən diqqətsiz qalan uşaqlara rast gəlirik. İndi bunun tam zamanıdır deyə bilərik. Gələcək planlarınızı, nə etmək istədiyinizi dəftərə yazın və bu vəziyyət bitdikdən sonra onları reallaşdırmağa doğru addımlar atın”.

Psixoloq məktəbli uşaqların valideynlərinə də məsləhət verdi: “Bildiyimiz kimi məktəblər onlayn dərs rejiminə keçib. Məsləhət görərdim ki, valideynlər, ən çox da analar dərs bitdikdən sonra uşaqlara maraqlı məşğuliyyət tapsınlar. Məsələn, onlarla birlikdə şirin çörək bişirmək ola bilər və ya öz fantaziyalarına uyğun digər məşğuliyyət. Bir sözlə məşğuliyyət dərslərə aid olmamalıdır. Bununla uşaqların daxil yorğunluqları aradan qalxmış olur. Və digər tərəfdən xüsusi qayğıya ehtiyacı olan uşaqlar var ki, onlar və valideynlər üçün vəziyyət daha çətindir. Çünki tipik bir uşaq onlayn dərs keçdikdə ən azından dərsdən geri qalmır, lakin atipik uşaqlar üçün bu məsələ biraz qəlizdir. Onların ən böyük problemi kontaktın olmaması olduğu üçün onlayn məşğələdə mütləq valideyn köməkçi olaraq iştirak etməlidir”.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}