İsveç hökuməti ölkədə koronavirusa yoluxmuş şəxslərin sayının artmağına baxmayaraq, sərt karantin rejimi tətbiq etmək fikrində deyil.
Ölkənin baş epidemioloqu Anders Teqnell qərara gəlib ki, isveçlilərdə virusa qarşı "kollektiv immunitet"in yaranmağı üçün ölkə əhalisi koronavirusa yoluxmalıdır.
"Aftonbladet" nəşrinin verdiyi məlumata əsasən, İsveçdə COVID-19-a 2800-dən çox adam yoluxub, 70-dən çox insan isə ölüb.
Bununla yanaşı, restoran və məktəblər hələ də açıqdır. Həmçinin vətəndaşların hərəkətinə sərt məhdudiyyət yoxdur. Onlara, sadəcə, imkan daxilində evdə qalmaq və yaşlı insanlarla ünsiyyəti məhdudlaşdırmaq məsləhət görülür.
Avropa İttifaqının vətəndaşları İsveçə sərbəst şəkildə daxil ola bilərlər, ölkəyə gəldikdən sonra karantinə yalnız koronavirusa yoluxduğu təsdiqlənən şəxslər göndərilir.
Teqnellin fikrincə, yalnız yaşlılar və xroniki xəstəlikləri olanlar izolə olunmalıdırlar. O hesab edir ki, insanlar koronavirusa yoluxsalar, virus gücünü itirəcək və daha təhlükəli olmayacaq.
Lakin bu nəzəriyyə təsdiqini tapmayıb. Epidemioloqun yanaşmasını artıq ölkənin Baş naziri Stefan Lövfen tənqid edib və bildirib ki, insanların həyatı və sağlamlığı təhlükə altındadır.
Qeyd edək ki, ölkə əhalisi hakimiyyətin epidemiyaya dair siyasətindən narazılıqlarını sosial şəbəkələrdə artıq bildirməyə başlayıblar. Sakinlər hakimiyyəti koronavirusa qarşı mübarizə tədbirlərini sərtləşdirməyə səsləyirlər.
Şəffaflıq.az
Facebook-da paylaş