Bahar Muradova: Uşaqların müdafiəsi Azərbaycanın dövlət siyasətinin mühüm istiqamətlərindən biridir
Azərbaycan uşaqların müdafiəsi, onların inkişafına şərait yaradan təhlükəsiz mühitin təmin olunması və inklüziv sosial siyasətin gücləndirilməsini dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən edib. Şəffaflıq.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan "Evlərimiz, Gələcəyimiz: Uşaqlar və gənclər üçün yaşanıla biləcək şəhər mühitlərinin birgə dizaynı" adlı müzakirədə deyib. O qeyd edib ki, Azərbaycanda qüvvədə olan qanunvericilik, "Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiya", eləcə də digər normativ-hüquqi mexanizmlər uşaqlar üçün təhlükəsiz və inklüziv mühitin yaradılmasını əsas prioritetlərdən biri kimi müəyyən edib: "Eyni zamanda, bu, şəhərsalma və ərazi ilə bağlı milli siyasət ictimai iştirakçılıq və sosial yönümlü planlaşdırma prinsiplərinə əsaslanır. Bu isə uşaqların rifahına təsir edən məsələlərin şəhər idarəçiliyində daha sistemli şəkildə nəzərə alınması üçün mühüm hüquqi baza yaradır". Komitə sədrinin sözlərinə görə, forum çərçivəsində Azərbaycanın təqdim etdiyi mühüm yanaşmalardan biri də "insan mərkəzli yenidənqurma modeli"dir: "Bu isə post-münaqişə və yenidənqurma proseslərində uşaqlar və gənclər üçün təhlükəsiz, ləyaqətli və perspektivli gələcək yaratmaqdır. Çünki uşaqlar üçün təhlükəsiz şəhərlər yalnız infrastruktur layihələri hesabına qurulmur. İnanırıq ki, WUF13 çərçivəsində aparılan bu müzakirələr gələcək şəhər siyasətlərində uşaqların hüquq və maraqlarının daha güclü şəkildə nəzərə alınmasına xidmət edəcək".
Facebook-da paylaş








