Azərbaycanda əyləncə mərkəzləri, kafe və restoranlara getməmək tövsiyə olundu
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyanı bürüyən koronavirusun pandemiya olduğunu açıqlayıb. Bu isə o deməkdir ki, xəstəlik yaxın vaxtlarda digər dünya ölkələrində yayıla, ölənlərin sayında artım ola bilər. Hazırda ümumi olaraq dünyada koronavirusa yoluxanların sayı 126 136, ölənlərin sayı 4 630 nəfərdir. İtaliyada koronavirusa yoluxan 12 462 nəfərdən 827 nəfəri dünyasını dəyişib. Belə bir məqamda İtaliyada əhalinin virusdan qorunması üçün kafe və restoranlarda masalar arasındakı ara məsafələri çoxaldılıb. Bununla həm sahibkarlıq subyektlərinin fəaliyyətini məhdudlaşdırmırlar, həm də insanların restoranlara getmək istəklərinə qarşı çıxmırlar. Nazirlər Kabineti yanında operativ qərargahın açıqladığı son məlumatıa görə, hazırda Azərbaycanda 11 nəfər koronavirusa yoluxub, 3 nəfər sağalaraq evə buraxılıb. Virusun daha çox yayılmaması üçün Azərbaycanda təhsil müəssiələrində dərslər dayandırılıb. Bəs, əhalinin sıx toplaşdığı kafe və restoranlar, iri ticarət və əyləncə mərkəzləri? Mövzu ilə bağlı Nazirlər Kabienti yanında operativ qərargahın əməkdaşı Orxan Zeynalov Modern.az-a bildirib ki, kafe və restoranlarda bununla bağlı hansısa məhdudiyyət yoxdur: “Sadəcə insanların daha sıx toplaşdığı yerlərə getməməyi tövsiyə edirik. Bura əyləncə mərkəzləri də, kafe və restoranlar da daxildir”.
Facebook-da paylaş