KİV: ABŞ-yə görə İrandakı etirazların səbəbi hakimiyyətin cəmiyyətin tələblərinə biganəliyidir
İranda son günlərdə baş verən ümummilli etirazlar, xalqın İslam Respublikasının fəaliyyətinə və bəhanələrinə qarşı "anlaşılan" qəzəbini əks etdirir. Şəffaflıq.az xəbər verir ki, bu barədə "İran İnternational"a açıqlamasında ABŞ Dövlət Departamentinin rəsmisi bildirib. O vurğulayıb ki, etirazlar İran vətəndaşlarının hökumətin uğursuzluqlarından doğan dərin narazılığını göstərir. Rəsminin sözlərinə görə, iranlıların qəzəbi illərlə davam edən idarəetmədəki səriştəsizlik və cəmiyyətin əsas tələblərinə biganəlikdən qaynaqlanır. Əlavə edilib ki, İran hakimiyyəti onillərdir daxili problemlərin həllinə diqqət yetirmək əvəzinə, milyardlarla milli sərvəti terrorçu qruplara dəstəyə və nüvə silahları üzrə araşdırmalara sərf edib. ABŞ bu siyasətləri öz maraqlarına və müttəfiqlərinə qarşı "terrorçu fəaliyyətlər" kimi qiymətləndirir. ABŞ Dövlət Departamentinin açıqlamasına görə, İran hakimiyyəti hələ də ölkənin resurslarını qlobal terrorizmə dəstək və daxildə repressiya üçün xərcləyir. Halbuki iranlılar "daha yaxşı həyata layiqdirlər". Rəsmi sonda vurğulayıb ki, Vaşinqton İslam Respublikasına qarşı "maksimum təzyiq" siyasətini davam etdirəcək. Bu siyasətin məqsədi İran hökumətini regional və daxili davranışlarını dəyişməyə məcbur etməkdir. Qeyd edək ki, İranda iqtisadi durumun ağırlığı səbəbindən beş gündür kütləvi etiraz aksiyaları keçirilir. Qeyri-rəsmi rəqəmlərə görə, etirazlar nəticəsində 6 nəfər həlak olub, çox sayda insan yaralanıb.
Facebook-da paylaş








