Liviyanın Baş naziri generalın hərbçilərlə birlikdə vəfat etdiyini təsdiqləyib
Liviyanın Milli Birlik Hökumətinin Baş naziri Abdel Hamid Dbeyba Türkiyədə Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddadın və onu müşayiət edən hərbi nümayəndə heyətinin üzvlərinin təyyarə qəzasında vəfat etdiyini təsdiqləyib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Baş nazirin yaydığı bəyanatda vurğulanıb. Onun sözlərinə görə, ölkənin Baş Qərargah rəisi Məhəmməd əl-Həddad, onun müşaviri, Quru Qoşunlarının Qərargah rəisi və Hərbi İstehsalat İdarəsinin direktoru Ankaraya rəsmi səfərdən qayıdarkən baş verən faciəli qəzada həlak olublar. Qeyd edək ki, Ankara-Tripoli reysi ilə uçan təyyarədə Liviyanın Baş qərargah rəisi ilə birlikdə 5 nəfər olub. Artıq təyyarənin qalıqları aşkar edilib. Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, Ankaradakı Esenboğa hava limanından Tripoliyə uçan təyyarənin qalıqları jandarma bölmələri tərəfindən Haymana rayonunun Kesikkavak kəndindən 2 km cənubda tapılıb.
Facebook-da paylaş








