Deputat: "Süni intellekt sahəsində müasir qanunvericilik bazası olmalıdır"
Azərbaycanda süni intellekt sahəsində müasir qanunvericilik bazası formalaşdırılmalı, sektorlararası sinerjini dəstəkləyən hüquqi mexanizmlər yaradılmalıdır. Şəffaflıq.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Bakıda keçirilən "İqlim dəyişikliyi ilə mübarizədə suni intellektin perspektivləri" mövzusunda elmi-praktik konfransda bildirib. Onun sözlərinə görə, iqlim dəyişikliyi fonunda süni intellektin inkişafı təkcə texnoloji yenilik deyil, həm də strateji alət kimi ortaya çıxır: "Azərbaycanda süni intellektin inkişafı prioritet məsələ, onun tətbiqi reallıqdır. Bu sahədə ölkə alimlərinin iştirakını gözləyirik". Deputat əlavə edib ki, süni intellektin tətbiqi 2030-cu ilə qədər qlobal ÜDM-də 15 %-lik artıma səbəb olacaq: "Bu, müxtəlif sahələrə təsir göstərəcək. Qlobal rəqabət və iqlim çağırışları dövründə bu istiqamətdə qanunvericilik mühüm əhəmiyyət kəsb edir. Birincisi, bu sahədə müasir qanunvericilik bazası formalaşdırılmalıdır. İkincisi, sektorlararası sinerjini dəstəkləyən hüquqi mexanizmlər yaradılmalıdır. Üçüncüsü, dövlət proqramlarına parlamentin nəzarəti olmalıdır".
Facebook-da paylaş








