Gələn həftə İran və Rusiya nümayəndələri arasında müzakirələr olacaq
İranın Moskvadakı səfiri Kazem Cəlali bildirib ki, Rusiya qazının ölkə tədarükünün birinci mərhələsi bir neçə ay ərzində başlayacaq. Şəffaflıq.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb. K.Cəlali, həmçinin əlavə edib ki, gələn həftə iki ölkənin nümayəndələri yanacağın qiymətlərini müzakirə edəcəklər. "Növbəti həftə Rusiya enerji sektorundan rəsmilər Rusiyadan qaz idxalı məsələsinin müzakirəsini tamamlamaq üçün Tehrana gələcəklər. Qiymət məsələsi istisna olmaqla, bütün məsələlər artıq həll olunub", - o bildirib. Səfir dəqiqləşdirib ki, qaz tədarükünün ikinci və üçüncü mərhələlərinin başlanması üçün əlavə infrastruktur lazımdır: "Onun yaradılması üçün investisiyaları Rusiya tərəfi həyata keçirəcək". Qeyd edək ki, Rusiya İrana qazı Azərbaycan vasitəsilə boru kəməri ilə tədarük etməyi planlaşdırır. Tədarükün həcmi ildə 1,8 milyard kub metrə qədər təşkil edəcək.
Facebook-da paylaş
