Nazir müavini: İranda Azərbaycan səfirliyinə hücum səbəbindən 1,8 milyon azərbaycanlı turisti itirdik
İranda Azərbaycan səfirliyinə hücum səbəbindən 1,8 milyon azərbaycanlı turisti itirdik. Şəffaflıq.az xəbər verir ki, bu barədə İranın mədəni irs nazirinin müavini Anuşirəvan Möhsəni jurnalistlər üçün brifinqdə bildirib. "Azərbaycan vətəndaşlarına qarşı səfirlikdə baş verən hadisə nəticəsində Azərbaycandan 1 milyon 800 min turist itirdik", - İran rəsmisi bildirib. Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. "Kalaşnikov" markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib və hücumun qarşısını almağa çalışan mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanovu yaralayıb. Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri 29 yanvar 2023-cü il tarixində Tehrandan Bakıya təxliyə olunub. Hücumla əlaqədar Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətində Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. 3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib. Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli "Rəşadət" ordeni ilə, İmanov Mahir Kamil oğlu "Vətən uğrunda" medalı ilə təltif edilib. İki dövlət arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycanın İrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib, səfir və səfirliyin heyəti İrana geri dönüb. Terror aktını törədən Yasin Hüseynzadənin isə iki il ərzində məhkəməsi keçirilib. Məhkəmədən sonra İran Ədliyyə Nazirliyi onun barəsində edam hökmünün çıxarıldığı barədə məlumat yayıb. İran Ali Məhkəməsi səfirliyə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib və iş Tehrana cinayət hökmlərinin icrasına göndərilib. Y. Hüseynzadə mayın 21-də səhər saatlarında edam edilib.
Facebook-da paylaş
