Azərbaycan-NATO münasibətlərinin inkişaf prosesi

 

XX əsrin sonlarından etibarən sosialist sistemin süqut etməsi və Soyuq Müharibəni başa çatması beynəlxalq və regional təşkilatların fəaliyyətində yeni bir mərhələnin başlanmasına səbəb olmuşdur. Bu qurumlar ilə əlaqələrin inkişafı istər müxtəlif ölkələr ilə çoxtərəfli əməkdaşlığın effektiv bir şəkildə reallaşdırlmasında, istərsə də ölkədəki baş verən hadisələr barədə obyektiv beynəlxalq ictimaiyyətin formalaşmasına təsir imkanlarını genişləndirmək baxımıdan vacibdir. Müasir beynəlxalq münasibətlər sisteminin ənənəvi aktorları olan milli dövlətlər ilə birlikdə qeyri-hökumət aktorlarının da rolu artmaqdadır. Bu proses çərçivəsində dünyada gedən siyasi proseslərdə xüsusi rolu olan beynəlxalq təşkilatlar xüsusilə ayrılır. Təşkilatların beynəlxalq aləmə önəmli və həlledici təsirləri dövlətlərarası münasibətlərin və əməkdaşlığın yaranmasında mühüm bir amil olmuşdur. Onların formalaşması, tarixi həqiqətdən irəli gələrək qlobal problemlərin həllinə təsir göstərir. Müstəqillik əldə etmiş hər bir dövlət öz suverenliyini qorumaq, müstəqilliyini gücləndirmək, beynəlxalq münasibətlər sistemində özünəməxsus bir yer tutmaq və meydana gəlmiş problemləri həll etmək üçün davamlı və prinsipial formada xarici siyasət icra edərək beynəlxalq və regional təşkilatlarla geniş əməkdaşlıq qurmağa ehtiyac duyur. Müstəqillik qazandıqdan sonra demokratik və hüquqi dövlət quruculuğuna başlamış Azərbaycanın qarşılaşdığı bir sıra problemlər və onların həlli istiqamətində atdığı addımlar, qarşılıqlı faydalı əməkdaşlığın və dünya birliyinə inteqrasiya prosesinin intensivliyi ilə bağlı idi.

Qarşılıqlı etimad və strateji hədəflər

Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələri gücləndirmək, bu əlaqələri yeni təhdidlərin ehtiyaclarına görə qarşılıqlı hörmət və maraqlar çərçivəsində davam etdirməkdir. Azərbaycanın xarici siyasətinin əsas aspektlərindən biri təhlükəsizlikdir. Buraya, Dağlıq Qarabağ probleminin həlli, ərazi bütövlüyünün təmin olunması, Rusiya və İran kimi güclü qonşulardan müdafiə, dövlətin və iqtisadi inkişafın gücləndirilməsi kimi məsələlər aiddir.[47] Bunları nəzərə alaraq, Azərbaycan Avro-Atlantik məkana inteqrasiya yolunu seçdi. Azərbaycanın Avro-Atlantik regiona inteqrasiyası Avropa İttifaqı, ATƏT, NATO və Avropa Şurası çərçivəsində bir sıra yollarla həyata keçirilir. Bu isə, bu qurumların fəaliyyət sahələrinin müxtəlifliyi ilə bağlıdır. Torpaqlarının 20%-i işğal olunmuş bir dövlətin Avropa təhlükəsizlik qurumları ilə münasibətləri xüsusi əhəmiyyət daşıyır. Soyuq Müharibənin başa çatmasından sonra Avropa təhlükəsizlik sistemində radikal dəyişikliklər baş vermişdir. Müstəqillik qazanmış Azərbaycanın Cənubi Qafqazda geosiyasi mövqeyinə təsir edən, Qərbin Azərbaycana marağını artıran üç təməl faktor olmuşdur:

1. Müstəqillik qazanmış Azərbaycanın Qərbə yönəldilmiş siyasi yönümlülüyü;

2. Xəzərin Azərbaycan sektorundakı yeni neft və təbii qaz yataqlarının müəyyən edilməsi. Bu faktor çox vacibdir. Çünki Azərbaycan Qərbin enerji təhlükəsizliyini təmin etməkdə mühüm rol oynayır. Enerji qaynaqları ilə zəngin olan Yaxın Şərq qeyri-sabit bölgə olduğundan üzünü Xəzərin enerji qaynaqlarına tutmuş Qərb üçün Azərbaycan həm Orta Asiyanın enerji ehtiyatlarının nəqlində, həm də Qərbin Rusiyadan enerji asılılığının qarşısının alınmasında etibarlı tərəfdaşdır.

3. Azərbaycanın 11 Sentyabr terror aktlarından sonra antiterror koalisiyasında iştirakı.

Dövlət müstəqilliyimizin təhlükəsizliyinin prioritetləri

18 oktyabr 1991-ci ildə öz müstəqilliyini ikinci dəfə elan edən Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri beynəlxalq təşkilatlarla münasibətlərin qurulması və inkişaf etdirilməsidir. Bu mənada NATO ilə əlaqələr Azərbaycanın xarici siyasətində mühüm yer tutur. NATO-Azərbaycan münasibətlərini təhlil edərkən ilk növbədə hər iki tərəfin bir-birindən qarşılıqlı gözləntilərinə, Azərbaycanın NATO ilə münasibətlər qurmasına səbəb olan şərtlərə, NATO-nun Azərbaycan və Azərbaycanın NATO siyasəti arasında balansın olub-olmaması ilə bağlı məsələlərə diqqət yetirilməlidir. XXI əsrdə dəyişmə və genişlənmə prosesi ilə özünü yeniləyən bu qlobal təşkilatda iştirak etmək məqsədilə NATO ilə münasibətlərin qurulması Azərbaycan üçün imtina edilməz bir fürsət oluşdur . Digər tərəfdən öz müstəqilliyini yenidən bərpa etmiş bir ölkə kimi, dövlətin təhlükəsizliyini təmin etmək üçün addımların atılması bu münasibətlərin yaranmasını ön plana çıxarmışdır. SSRİ-nin dağılmasından sonra beynəlxalq sistemdə təkqütblülük meydana gəlsə də, keçmiş sosialist bloku ölkələri, eyni zamanda Azərbaycan üçün vəziyyət elə də yaxşı olmamışdır. Rusiyanın xarici siyasət strategiyasının əsas məqsədi keçmiş Sovet torpaqlarının böyük qisimi ilə Şərqi Avropanın Rusiyanın nüfuz sahəsi olaraq qəbul edilməsini və bu sahələrin Rusiyanın təhlükəsizliyini təhdid edən coğrafiya kimi istifadə edilməsinin qarşısını almaq idi. Bu səbəblə Rusiya, Şərqi Avropa ölkələrinin və bəzi keçmiş SSRİ respublikalarının NATO-ya qoşulmasına qarşı çıxmış və NATO-nun genişləndirilməsi səylərinin onun təhlükəsizliyini təhdid edəcəyini irəli sürmüşdür. Özünü SSRİ-nin varisi olaraq görən Rusiyanın məqsədi Müstəqil Dövlətlər Birliyi (MDB) vasitəsilə keçmiş SSRİ ərazisində yenidən söz sahibi ola bilmək idi. Rusiya üçün "nüfuz sahəsi" anlayışı MDB ölkələri, eyni zamanda Azərbaycan üçün hərbi birliklərin yerləşdirilməsi, sərhədlərin qorunması, təbii zənginliklərin idarə edilməsi, iqtisadi və digər sahələrdəki müstəqilliyin məhdudlaşdırılması demək idi. Rusiyanın təcavüzkar siyasətinə qarşı bölgədə Azərbaycanın maraqları baxımından tarazlayıcı rolu üzərinə götürən aktor və ya aktorlara ehtiyac var idi. Beynəlxalq mühitdəki dəyişikliklər, Azərbaycanın iqtisadi potensialı və geosiyasi mövqeyi nəzərə alındığı zaman, bu rolu öhdəsinə götürə biləcək aktor Qərb ola bilərdi. Bu baxımdan Qərbin güclü hərbi ittifaqı olan, Avropanın təhlükəsizliyini təmin edən, eyni zamanda əhəmiyyətli qərarların alındığı bir forum xüsusiyyətini daşıyan NATO ilə münasibətlər Azərbaycan üçün çox əhəmiyyətli idi. Ancaq burada bir nüansı qeyd etmək vacibdir. Rusiya yeni siyasi ədəbiyyatda "yaxın çevrə" termini ilə ifadə etdiyi Sovet sonrası məkanı həyati dərəcədə əhəmiyyətli nüfuz sahəsi elan etmiş və bunun Qərb tərəfindən qəbul edilməsinə çalışırdı. 1993-cü ilin Fevral ayında Rusiya Təhlükəsizlik Şurası və Apreldə də prezident Yeltsin tərəfindən təsdiqlənərək qüvvəyə minən Xarici Siyasət Konsepsiyası “yaxın çevrə” anlayışına əsaslanırdı. Rusiya, xarici siyasətdə “şok diplomatiyası” tətbiq etmiş və islahatların müvəffəqiyyətsizliklə nəticələndiyi təqdirdə hakimiyyətə Qərb tərəfindən istənilməyən qrupların gələ biləcəyi ehtimalı ilə Qərbi qorxutmaq və beləliklə bəzi iqtisadi və siyasi güzəştlər vermələrini təmin etməyə çalışırdı. İslahatların müvəffəqiyyətsizliklə nəticələnməsinə səbəb ola biləcək iki faktor üzərində dayanılırdı: Rusiyaya maliyyə yardımının kəsilməsi və “nüfuz sahəsi” olaraq ifadə edilən bölgələrdən çıxarılması. Əslində ikinci böyük nüvə gücünə sahib olan Rusiyada o dövr üçün istənilməyən qrupların hakimiyyətə gəlmə ehtimalı yüksək olduğu üçün ABŞ, eyni zamanda Avropa ölkələri keçmiş Sovetlər bölgəsində, xüsusilə Qafqaz və Orta Asiyada müəyyən bir müddət tədbirli hərəkət etmələri lazım olduğunu anlayırdılar. Bu Qərbin atdığı bəzi addımlarda da özünü göstərirdi. Belə bir vəziyyətdə, 1992-1994-cü illərdə Azərbaycanın xarici siyasəti yuxarıda göstərilən nünaslar nəzərə alınmaqla müəyyənləşdirilməli idi.

Beynəlxalq münasibətlərdə üçüncü yanaşım texnologiyası

Müvəffəqiyyətli bir xarici siyasət mövqeyi “Rusiya meyilli”, “Qərb meyilli” və ya “digər meyilli” deyil, balanslaşdırılmış bir siyasətdir. Soyuq Müharibənin başa çatdığı bir vaxtda, balanslaşdırılmış siyasətin yeridilməsi daha məqsədəmüvafiq idi. Hər hansı bir tərəfə açıq bir şəkildə yaxınlaşma digər tərəfdən müsbət bir şəkildə qarşılanmayacağı üçün, Azərbaycanın da öz xarici siyasətini məhz bu yöndən irəlilətməsi zəruri idi. Bu nöqtədə Qərb-Rusiya əlaqələri öz nizamını tapana qədər Azərbaycanın xarici siyasətinin çıxış nöqtəsi, Azərbaycanın maraqları üçün Qərblə münasibətlər qurmaq və Rusiyanın bölgədəki nüfuzunu nəzərə almaq idi. Azərbaycanın NATO ilə münasibətlər qurmaq siyasətinə təsir edən digər bir amil Qarabağ münaqişəsinin aradan qaldırılmasının zəruriliyidir. Azərbaycan üçün vacib olan danışıqlar yolu ilə Qarabağ və digər işğal olunmuş ərazilərin geri alına bilinməsi üçün beynəlxalq aləmdə özünə dəstək tapa bilməkdir. Qarabağ probleminin həllində keçmiş Sovet hakimiyyət nümayəndələri erməni hücumlarının ört-basdır edilməsi siyasəti yürütsələr də, yeni Rusiya hakimiyyət nümayəndələri də hadisələri öz nəzarətində saxlamağa çalışırdılar. [33]Lakin, Azərbaycan Qarabağ probleminin yalnız Rusiya vasitəçiliyi ilə həllini istəmirdi. Sovet dövründə ermənipərəst düşüncələrini gizləyən Rusiya siyasi elitası, bunu dövlət siyasətinin bir parçası halına gətirərək problemin qeyri-müəyyən bir zamana qədər dondurulmasını istəyirdilər. Problemin həll olunmadan dondurulması isə, Rusiyaya bölgədə qoşun saxlama və Ermənistanla Azərbaycana təzyiq göstərmə imkanı verirdi. Bunun üçün də Rusiya beynəlxalq təşkilatların problemin həllinə qarışmalarını istəmirdi.

Azərbaycanın milli maraqları isə, Qarabağ probleminin beynəlxalq mühitdə, beynəlxalq təşkilatlar vasitəsilə həllini tələb edirdi. Bu nöqtədə NATO-nun hərbi qüvvələrinin problemin həllində birbaşa rol almasını gözləmək gerçəklərdən uzaq bir yanaşma olardı. Amma həlldən qaçmağa çalışan Ermənistanı ATƏM vasitəsilə danışıqlar masasına çağırmaq və problemin həllinə müsbət təsir etmə baxımından NATO-nun mövqeyi əhəmiyyətli rol oynaya bilərdi. Qısa zaman ərzində Qarabağ probleminin həllində Azərbaycanın NATO-ya yanaşması bu istiqamətdən olmalı və bunun üçün də həqiqətlər NATO-nun müxtəlif strukturları, ŞAƏŞ, SNT və digərləri çərçivəsində üzvlərə və tərəfdaş ölkələrə çatdırılmalı idi. Xüsusilə ŞAƏŞ, danışıqların həyata keçirilməsinə uyğun mühit yaratdığı üçün bu məqsədin həyata keçirilməsində mühüm rol oynaya bilərdi. Münasibətləri şərtləndirən digər bir amil isə, ordunun yenidən qurulması idi. NATO-nun hərbi standartlarına uyğun bir ordunun formalaşdırılması, Azərbaycanın həm ordu quruculuğu prosesinə, həm də beynəlxalq təhlükəsizlik sisteminə inteqrasiyasına da müsbət təsir edirdi. Digər bir faktor isə XXI əsrdə transformasiya siyasəti ilə yenilənən NATO, yalnız hərbi bir təşkilat deyildir. Alyans, həm də qeyr-hərbi sahələrdə plan və proqramların həyata keçirildiyi bir təşkilat idi. Dünyanın inkişaf etmiş ölkələrinin üzv olduğu Alyans ilə bu kimi istiqamətlər üzrə əlaqələrin yaradılması Azərbaycanın xarici siyasəti istiqamətində mühüm addım idi.

ardı var

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}