Yaponiya orbitə kəşfiyyat peyki buraxdı
Yaponiyanın cənub-qərbindəki Kaqoşima əyalətində yerləşən Taneqaşima Kosmos Mərkəzində H2A tipli daşıyıcı raket vasitəsilə hökumətə məxsus kəşfiyyat peyki qaldırılaraq müvəffəqiyyətlə orbitə yerləşdirilib.
Şəffaflıq.az report-a istinadən xəbər verir ki, ilkin olaraq buraxılışı bu il yanvarın 28-nə təyin edilən raketin qazla təchizat sistemindəki sızma üzündən təxirə salınmışdı.
Sözügedən bu və gələcəkdə buraxılması nəzərdə tutulan daha 7 peyk Şimali Koreyanın raket sistemlərinin inkişafını müşahidə edəcək və başqa vəzifələr yerinə yetirəcək.
Yaponiya kəşfiyyat peyklərin iki növündən istifadə edir. Optik peyklər rəqəmli kamera sayağı cihaz vasitəsilə Yerdən şəkillər çəkir, radar peyklər isə qaranlıqda və əlverişsiz havalarda foto çəkir. Hazırda hökumətə məxsus 5 radar və 2 optik peyk orbitdədir.
Bundan əvvəl Yaponiya hökuməti Şimali Koreyanın ballistik raket sınaqlarından dəfələrlə narahatlıq bildirib. Belə sınaqların 13 dəfə həyata keçirildiyi ötən ilin sonunda Yaponiya Müdafiə Nazirliyi ölkə raket müdafiə sisteminin modernləşdirmə planları barədə açıqlama vermişdi.
Facebook-da paylaş