Dağlıq Qarabağın azərbaycanlı icmasının bəyanatı BMT-nin sənədi kimi yayıldı

 

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü ilə bağlı bəyanatı BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

Bu barədə İcmadan məlumat verilib.

Həmin sənəddə bildirilir: "Biz, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindən və digər işğal olunmuş rayonlarından olan məcburi köçkünlər 30 ilə yaxındır ki, erməni təcavüzündən əziyyət çəkirik.

1988-ci ildə başlayan bizə qarşı etnik təmizləmə siyasəti nəticəsində Ermənistan Azərbaycan ərazisinin beşdə birini işğal edib. Bu zaman 700 mindən çox azərbaycanlı ata-baba yurdundan didərgin düşüb.

Torpaqlarımızın işğalı zamanı minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, bir çox mülki şəxs itkin düşdü. Bir gecədə 613 mülki şəxsin, o cümlədən qadınların, uşaqların və qocaların erməni hərbi birləşmələri tərəfindən vəhşicəsinə qətlə yetirildiyi Xocalı şəhərində törədilən soyqırım azərbaycanlılara qarşı törədilmiş ən böyük qırğın olaraq tarixə ləkə kimi yazıldı. Təəssüf ilə bildiririk ki, bu cinayətləri törədənlər hələ də öz layiqli cəzalarını almayıblar.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və Baş Assambleyası da daxil olmaqla dünya birliyi, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyini, Dağlıq Qarabağ bölgəsinin Azərbaycan Respublikasının ayrılmaz hissəsi olaraq tanıdığını və bütün azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq hüquqlarını dəfələrlə təsdiq edib.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını təmin edəcək, zor gücünə didərgin salınmış azərbaycanlı əhalinin bu ərazilərdəki evlərinə və mülklərinə təhlükəsiz şəraitdə və ləyaqətlə qayıtması, bu ərazilərin bərpası, iqtisadi inkişafı və Dağlıq Qarabağ bölgəsindəki erməni və azərbaycanlı icmalarının bərabər hüquqlu şəraitdə, ayrıseçkiliyə yol verilmədən dinc şəraitdə birgə yaşayışına imkan yaradacaq şəkildə, münaqişənin sülh yolu ilə həllini dəstəkləyir.


Ancaq, Ermənistanın yürütdüyü açıq işğalçılıq siyasəti və Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" söylədiyi təhqiramiz ifadəsində də özünü göstərən ilhaqa yönəlmiş siyasəti fonunda sülhə və barışığa hazırlaşmaq çox çətindir. 

Bundan əlavə, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mövcudluğunu qəbul etməkdən, təməl hüquq və azadlıqlarımızı tanımaqdan belə imtina edir və Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki azərbaycanlı və erməni icmaları arasındakı təmasların qarşısını bütün vasitələrlə almağa çalışır. Bu, Ermənistanın Azərbaycan ərazilərini işğal edərək yürütdüyü işğalçılıq siyasətinin əsasını təşkil edir və Ermənistanın insan hüquqlarına dərin hörmətsizliyinin daha bir açıq sübutudur.

Ermənistan azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri dönmələrinə mane olmaqla, bu ərazilərdə demoqrafik tərkibin süni şəkildə dəyişdirilməsi cəhdləri, həmçinin iqtisadi, sosial və mədəni xüsusiyyətlərinin dəyişdirilməsinə yönəlmiş məqsədyönlü addımları atmaqla, işğal olunmuş ərazilərin müstəmləkəyə çevirilməsinə hədəflənmiş siyasət aparır.

Dünya ictimaiyyətinə səslənirik ki, 30 ildir davam edən erməni təcavüzünə, yüz minlərlə azərbaycanlının öz yurdlarından didərgin salınaraq məruz qoyulduğu əzablara göz yummasınlar və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmək və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktında təsbit edilmiş beynəlxalq hüququn norma və prinsipləri əsasında, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə tam hörmət əsasında həlli üçün səylərini daha da artırsınlar".

Şəffaflıq.az



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}