Ermənistanın məsuliyyətsizliyi regionda yeni Çernobıl faciəsinə yol aça bilər - ŞƏRH

Ermənistan Cənubi Qafqaz regionu üçün Atom Elektrik Stansiyaları və nüvə enerjisi ilə bağlı ciddi təhlükə mənbəyinə çevrilməkdə davam edir. Erməni hökuməti ölkəni Qərbin sınaq meydançasına çevirməklə yanaşı, nüvə tullantılarını qəbul etməklə yeni təhlükənin yaranmasına rəvac verib.

Metsamor AES

Uzun illərdir Ermənistanda fəaliyyət göstərən Metsamor AES-lə bağlı region ölkələrinin narahatlığı nədənsə bu məsələdə həssas olan Qərb tərəfindən qulaqardına vurulur. Sözügedən stansiyanın bloklarından birinin qəzalı vəziyyətdə olması, köhnə texnologiyalardan istifadə, ərazinin seysmik zona olması bu günə qədər də beynəlxalq strukturların ciddi reaksiyasına səbəb olmayıb. AES-in bölgənin ekologiyasına vurduğu ziyan, içməli su mənbələrini zəhərləməsi, onkoloji xəstəliklərin artmasına səbəb olması Nüvə Enerji Sammitlərinin, MAQATE rəhbərliyinin nədənsə gözündən yayınır. Bu, hər zaman olduğu kimi, Qərbin və bir sıra beynəlxalq təşkilatların ikili standartından xəbər verir. Hələ bu da azmış kimi, İrəvan və Moskva 2026-cı ildən sonra Metsamor AES-in ikinci enerji blokunun istismar müddətinin artırılmasını müzakirə ediblər. Ortada bir fakt var ki, təhlükəsizlik meyarlarına cavab verməyən nüvə reaktorları daim faciələrə səbəb olur. Məsələn, 1986-cı ildə baş verən Çernobıl qəzası, 2011-ci ildə Yaponiyanın Fukusima AES-də baş verən qəzaları buna misal göstərmək olar. Bu fəlakətlər hələ də region ölkələrinə ciddi ziyan vurur. Ermənistan kimi bir ölkənin və rəhbərliyinin təhlükəsizlik məsələlərinə nə qədər laqeyd və biganə yanaşdığı barədə isə ortada faktlar var. Məsələn, 1982-ci ildə stansiyada yanğın başlayıb və bu yanğın 7 saat sonra çox böyük çətinliklə söndürülüb. Eyni zamanda Metsamor AES 11 ballıq zəlzələ riski olan zonada yerləşir. AES-in ətrafında mövcud olan 5 tektonik qırılmadan biri stansiyadan cəmi 500 metrliyindədir. 1988-ci ildə zəlzələ nəticəsində dağılmış Spitak şəhəri Metsamor AES-in cəmi 75 kilometrliyində yerləşir. Stansiya Ermənistanın Azərbaycan və Gürcüstanla sərhədindən 120, İran sərhədindən 60, Türkiyə sərhədindən isə cəmi 16 kilometr aralıda yerləşir. O, ümumilikdə Rusiya, Mərkəzi Asiya ölkələri, Xəzər dənizi, Qara dəniz bölgəsi üçün fəlakətə səbəb ola bilər.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}