Azad Mirzəcanzadə İnkişaf Proqramının qalibi: Layihənin icrasında istədiyimiz hədəfə nail olduğumuzu düşünürəm - MÜSAHİBƏ
Azad Mirzəcanzadə İnkişaf Proqramı istedadlı gənclərin elmi, sosial və texnoloji layihələrini dəstəkləyən mühüm bir təşəbbüsdür. Proqramın əsas məqsədi insan kapitalının inkişafına töhfə vermək və gənclərə öz potensiallarını reallaşdırmaq üçün geniş imkanlar yaratmaqdır. Bu təşəbbüs gənclərin karyera inkişafını dəstəkləməklə yanaşı, ölkədə innovasiya mühitinin formalaşmasına da xidmət edir. Proqramın ikinci dalğasının davam elədiyi vaxtda 2024-cü ildə reallaşan birinci dalğanın qaliblərindən – “Sərhədisz gənc” layihəsinin müəllifi Gülşən Səfərova Şəffaflıq.az-ın suallarını cavablandırıb. Gülşən Səfərova həm də Ağdaş rayon Yenicə kənd Rüstəm Allahyarov adına tam orta məktəbin biologiya müəllimidir. Müsahibədə layihənin ideyası, məqsədləri, nail olunan hədəflər, həmçinin gələcəkdə reallaşdırılması planlaşdırılan bu tipli digər layihələrlə bağlı məsələlərə toxunulub. – Gülşən xanım, əvvəlcə layihənin yaranma ideyasından danışaq. Necə oldu ki, Azad Mirzəcanzadə İnkişaf Proqramına belə bir layihə ilə müraciət etdiniz? – Mən həmin vaxt Regional İnkişaf İctimai Birliyində (RİİB) könüllü kimi fəaliyyət göstərmək üçün müraciət etmişdim. RİİB-in Mərkəzi Aran zonası üzrə səlahiyyətli şəxsi ilə müsahibəmizdə bir sıra məsələlər barədə müzakirə apardıq. Müsahibə əsnasında o, fikirlərimi konkretləşdirib layihə formasına salmağı və Azad Mirzəcanzadə İnkişaf Proqramına müraciət etməyi təklif etdi. Mən də bu təklifi dəyərləndirdim, müraciət elədim, nəticədə, qaliblərdən biri oldum. Konkret niyə bu cür təşəbbüsü layihələşdirməyimə gəldikdə isə beynimdəki fikirləri bir xeyli götür-qoy edərək düşündüm ki, bütün bunları məhsul kimi ortaya çıxarmalıyam. Həmin vaxta qədər gender bərabərliyi, erkən nikah tipli mövzularla əlaqədar bir xeyli təlimdə iştirak etmişdim. Düşündüm ki, mən bu mövzunu bilirəm, bu mənada məhz bu mövzu ətrafında layihə hazırlasam, daha effektiv olar. Yəni mən özümün inanmadığım bir şeyə başqasını inandıra bilməzdim. Bundan əlavə, layihəmizdə xarici mübadilə proqramı ilə bağlı da istiqamət mövcuddur. Bu istiqamətin də layihədə yer almasına səbəb şagirdlərimdir. Çünki mən dərs dediyim şagirdlərin potensiallarını görə bilirdim, onlar özləri yox. Üstəlik, əksəriyyətinin maddi imkanları da zəif idi. – Bəs layihə rəhbəri kimi nələri hədəfləmişdiniz? – “Sərhədsiz gənc” layihəsinin hədəfi gender bərabərliyi mövzusunda gənclərin beynindəki stereotipləri qırmaq, onları bu mövzuda maarifləndirməkdir. Eləcə də layihə çərçivəsində xarici mübadilə proqramları mövzusunda onlar üçün yol xəritəsinə müəyyən köməklik etmək də bura daxildir. Onu da deyim ki, biz layihəyə müraciət üçün yaş həddini də sadaladığım hədəflərdən yola çıxaraq 15-29 yaş arası təyin etmişdik.
Facebook-da paylaş
