Xankəndidə Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu keçirilib - YENİLƏNİB-2
Qarabağ Universitetində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təhsil və dövlət-özəl tərəfdaşlığının inkişafını təşviq etmək məqsədi daşıyan “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib. "Report" xəbər verir ki, forum “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə Azərbaycan Elm və Təhsil Nazirliyi və Azərbaycan İqtisadiyyat Nazirliyinin tərəfdaşlığı, Qarabağ Dirçəliş Fondu, Təhsilin İnkişafı Fondu, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə təşkil olunub. Qarabağın bərpası və inkişafında bütün tərəflərin koordinasiyalı fəaliyyətinin vacibliyini bir daha gündəmə gətirən tədbirdə dövlət qurumlarının nümayəndələri, bölgədə yerləşən xüsusi nümayəndəliklərin heyəti, özəl sektor təmsilçiləri, Qarabağ Universitetinin professor-müəllim heyəti olmaqla, 200-dən çox nümayəndə iştirak edib. Elm və təhsil naziri Emin Əmrullayev və Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov çıxış edərək, Qarabağ bölgəsində təhsilin inkişafı, insan kapitalının gücləndirilməsi və dövlət-özəl sektor əməkdaşlığının strateji əhəmiyyəti barədə bir sıra mühüm fikirlər səsləndiriblər. Bildirilib ki, burada əsas məqsəd regionun sosial-iqtisadi inkişafına töhfə vermək, dövlət-özəl sektor əməkdaşlığını gücləndirmək, eləcə də gəncləri Qarabağa yönləndirmək və regiona olan marağı artırmaq, tələbələrə maddi dəstək göstərmək, onların akademik və peşəkar inkişafını təşviq etməkdir. Daha sonra Forum çərçivəsində peşəkar moderator və spikerlərin iştirakı ilə iki fərqli mövzu üzrə panel müzakirəsi təşkil olunub. Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun moderatorluğu ilə keçirilən “Böyük Qayıdış: Çağırışlar və imkanlar” adlı I paneldə elm və təhsil naziri Emin Əmrullayev, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və Qarabağ Universitetinin rektoru Şahin Bayramov spiker qismində çıxış edərək, bölgənin yenidən qurulması və insan resurslarının inkişafı məsələlərinə toxunublar. II panel isə “Qarabağda dövlət-özəl tərəfdaşlığı imkanları” mövzusuna həsr olunub. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun moderator qismində çıxış etdiyi paneldə “Veysəloğlu” Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədrinin müavini Taleh Tahirli, “Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü Fərid Hidayətzadə, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Araz Paşayev bölgədə dövlət-özəl tərəfdaşlığının perspektivləri və qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər. Forum Qarabağ Universitetinin müəllim-tələbə heyətinin ifasında milli musiqilərimizin səsləndirildiyi bədii hissə ilə başa çatıb. Qarabağ Universitetində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təhsil və dövlət-özəl tərəfdaşlığının inkişafını təşviq etmək məqsədi daşıyan “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilir. "Report"un Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, forum “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin tərəfdaşlığı, Qarabağ Dirçəliş Fondu, Təhsilin İnkişafı Fondu, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə keçirilir. Tədbirdə dövlət qurumlarının nümayəndələri, bölgədə yerləşən xüsusi nümayəndəliklərin heyəti, özəl sektor təmsilçiləri, Qarabağ Universitetinin professor-müəllim heyəti olmaqla, 200-dən çox iştirakçı yer alır. Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov və Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxış ediblər. Forum çərçivəsində fərqli sektorları təmsil edən qurum və şirkətlər Qarabağ Universitetində təhsil alan tələbələr üçün “Qarabağ təqaüd proqramı”nı təsis etmək öhdəliyini üzərlərinə götürüblər. Bildirilib ki, təqaüd proqramı bölgədə insan kapitalının formalaşdırılmasına xidmət etməklə yanaşı, sosial həssas qruplara dəstək göstərməyi və akademik nailiyyətləri yüksək olan tələbələrin motivasiyasını artırmağı hədəfləyir. Forum çərçivəsində “Böyük Qayıdış: çağırışlar və imkanlar” və “Qarabağda dövlət-özəl tərəfdaşlığı imkanları” mövzularına həsr olunmuş panellərin keçirilməsi nəzərdə tutulub. Forum hazırda işini panellərlə davam etdirir. Xankəndidə Qarabağ Universitetində “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu keçirilir. Şəffaflıq.az ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov və digər rəsmilər iştirak edirlər. Forum çərçivəsində "Böyük Qayıdış: Çağırışlar və imkanlar", "Qarabağda dövlət-özəl tərəfdaşlığı imkanları" adlı iki panelin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda Qarabağ Universitetinin tələbələrinin təqdimatında musiqili proqram da baş tutacaq.
“Qarabağ Təqaüd Proqramı”nın təsis olunması Forumun əsas nəticələrindən biri olub.
Facebook-da paylaş
