"Azərbaycan MDB tarixində ən böyük sosial paketə imza atıb"
Ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas etdiyi, dinamik islahatlar yoluna çıxardığı müstəqil Azərbaycan Respublikası bu gün sabit şəraitdə sürətlə inkişaf edir.
Şəffaflıq.az Trend-ə istinadən bildirir ki,bu fikirləri Milli Məclisin deputatı, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə deyib.
Onun sözlərinə görə, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib:
"Dinamik inkişaf yolunda əmin addımlarla irəliləyən ölkəmiz uğurlu idarəetmə nəticəsində beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib, istənilən müstəqil dövlətin həsəd apara biləcəyi zirvələri fəth edib. Belə ki, Azərbaycanda vətəndaşların mənafeyinin və hüquqlarının üstünlüyünü hədəf seçmiş islahatlar, enerji, nəqliyyat sferalarında, xarici siyasətdə qazanılan bənzəri olmayan uğurlar bir-birini tamamlayaraq, dövlətin dayanıqlı inkişafında harmoniya yarada bilib. Təsadüfi deyil ki, bu gün Azərbaycan alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla minimum əməkhaqqı göstəricisinə görə MDB ölkələri arasında 2-ci yerdədir. Qonşu ölkələrlə müqayisədə bu göstərici Ermənistandan 2.1 dəfə, Qazaxıstandan 1.6 dəfə, Gürcüstan və Rusiyadan isə 1.4 dəfə yüksəkdir. Bu da öz növbəsində Azərbaycan vətəndaşının alıcılıq qabiliyyətinin yüksək olduğunu, minimal əmək haqqı ilə də digər ölkələrlə müqayisədə sosial rifahının daha yüksək olduğuna işarədir.
Yola saldığımız 2019-cu il özünün intibah dövrünü yaşayan Azərbaycanın siyasi, iqtisadi, sosial həyatında böyük dəyişikliklərlə yadda qalıb. Ölkənin bütün regionlarında geniş abadlıq-quruculuq işləri aparılır, yollar çəkilir, körpülər salınır, beynəlxalq layihələr icra edilir, ən əsası əhalinin güzəranı gündən-günə yaxşılaşır.
Əldə edilən uğurlar, iqtisadi tərəqqi deməyə əsas verir ki, Azərbaycanı inkişaf etmiş bir ölkə kimi görmək istəyən ulu öndər Heydər Əliyevin arzuları bu gün həyata keçib. Ölkə Prezidenti İlham Əliyevin gərgin əməyi nəticəsində sosial sahədə çoxlu qanunlar qəbul olunub, fərman və sərəncamlara imza atılıb, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Ötən il məcburi köçkünlər üçün, şəhid ailələri, müharibə veteranları, əlillər üçün böyük sosial evlər paketi təqdim edilib. Təkcə məcburi köçkünlər üçün 2019-cu ildə 5 mindən çox ev və mənzil tikilib. Fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq məqsədilə dövlət problemin həlli ilə bağlı məsuliyyəti və maliyyə vəsaitinin böyük hissəsini öz üzərinə götürdü, vətəndaşlarımızın dövlətdən gözləntilərini artıqlaması ilə yerinə yetirdi. Bu qərar da tutduğu məqamdan asılı olmayaraq, hər bir azərbaycanlıda ruh yüksəkliyi yaratdı, dövlətinə və dövlətçiliyinə olan güvəni, inamı daha da artdı.
Ölkəmizdə məqsədyönlü siyasətin xalqın mənafeyini tam ifadə etdiyindən xəbər verən nümunələrin sayı-hesabı yoxdur.
Dünyaya sosial dövlət kimi özünü təsdiq edən Azərbaycanda atılan hər addım, imzalanan fərman və sərəncamlar hər zaman onu göstərir ki, dövlət öz vətəndaşının yüksək rifahının təminatçısıdır və əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına xidmət edən layihələr bundan sonra da davamlı olacaq".
Facebook-da paylaş