Qırğızıstan, Tacikistan və Özbəkistan arasında sərhəd məsələləri həllini tapır
Qırğızıstan Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev, Özbəkistanın Baş naziri Abdulla Aripov və Tacikistanın Baş naziri Koxir Rasulzoda arasında üçtərəfli görüş keçirilib. Şəffaflıq.az Qırğızıstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, görüş üç ölkənin sərhədlərinin kəsişdiyi nöqtədə - Qırğızıstanın Batken vilayəti, Özbəkistanın Fərqanə vilayəti və Tacikistanın Soqd vilayətində keçirilib. Tərəflər qeyd ediblər ki, görüş üç ölkənin dövlət başçıları arasında dövlət sərhədi məsələləri ilə bağlı əvvəlcədən əldə edilmiş razılaşmalar çərçivəsində baş tutub. Üç ölkənin Baş nazirləri bildiriblər ki, ölkələr ticarət, logistika, su və enerji, mədəni və humanitar əlaqələr sahələrində əməkdaşlığı gücləndirmək potensialına malikdir. Onların fikrincə, sərhədyanı və regionlararası əməkdaşlığın inkişafı əməkdaşlığın mühüm tərkib hissəsidir. Bundan başqa, tərəflər görüşdə Qırğızıstan və Özbəkistan arasında dövlət sərhədinin delimitasiyası prosesinin başa çatdığını və "Qırğızıstan-Özbəkistan dövlət sərhədi haqqında" sazişlə bağlı ratifikasiya sənədlərinin mübadiləsini qeyd ediblər. Qırğızıstan və Tacikistan arasında “Dövlət sərhədi haqqında” 4 dekabr 2024-cü il tarixli sazişdə Qırğızıstan-Tacikistan dövlət sərhədinin qalan hissələrinin təsvir edilməsinin tamamlanmasının vacibliyi qeyd edilib və işçi qruplara qısa müddətdə yekun sənədləri hazırlamaq tapşırılıb.
Facebook-da paylaş