Xəzəryanı ölkələr nərə balıqlarının kommersiya ovuna qadağanı 2025-ci ilə qədər uzadıb
Xəzəryanı ölkələr - Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan nərə balıqlarının kommersiya ovuna qoyulan qadağanı 2025-ci ilə qədər uzadıb. Şəffaflıq.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyi Xəzər dənizinin Su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiyanın Həştərxanda keçirilən 8-ci sessiyasının yekununa əsasən məlumat verib. "Tərəflər nərə balıqlarının kommersiya ovuna qoyulan qadağanın 2025-ci ilə qədər uzadılması və gələn il üçün kürü və nərə balıqlarının ixracına kvotanın müəyyən edilməməsi barədə razılığa gəliblər. 2025-ci ildə nərə balıqlarının ovlanması əvvəlki kimi yalnız elmi-tədqiqat məqsədləri və süni çoxaltma üçün həyata keçirilə bilər", - məlumatda qeyd olunub. Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyi həmçinin bildirib ki, 2023-cü ildə Rusiya müəssisələri Xəzər dənizinə 34,5 milyon ədəd, Qazaxıstan müəssisələri 1,9 milyon ədəd, Azərbaycan müəssisələri isə 618,7 min ədəd ədəd nərə körpəsi buraxıb. Xəzər dənizi hövzəsində nərə balıqlarının ovlanması üzrə ən yüksək göstəricilər XX əsrin əvvəllərində - 39,4 min ton və 1970-ci illərin sonlarında 27,4 min ton olub. 1991-ci ildən başlayaraq nərə balıqlarının sayında kəskin azalma qeydə alınıb.
Facebook-da paylaş