Əmək miqrasiyası kvotasına dəyişiklik təklifləri hökumətə göndəriləcək
Gələn il üçün əmək miqrasiyası kvotasına dair təkliflər, eyni zamanda bu ilin təsdiq olunmuş əmək miqrasiyası kvotasına edilməsi nəzərdə tutulan dəyişikliklərlə bağlı təkliflərin baxılmaq üçün Nazirlər Kabinetinə təqdim olunacaq. Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sədrliyi ilə “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanması və bu sahədəki işin əlaqələndirilməsi üzrə Komissiya”nın növbəti iclası keçirilib. İclasda bu il üçün təsdiq olunmuş əmək miqrasiyası kvotasından istifadə vəziyyəti və gələn il üçün hazırlanmış əmək miqrasiyası kvotasına dair təkliflər aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Komissiya üzvləri ilə birgə müzakirə olunub. Qeyd olunub ki, növbəti il üçün əmək miqrasiyası kvotasına dair təkliflər ölkə iqtisadiyyatında yaranan çoxsahəlilik, işəgötürənlər tərəfindən müxtəlif müasir peşə və ixtisaslara malik işçilərə olan tələb əsasında hazırlanıb. Habelə əmək bazarına daxil olan işçi qüvvəsi ilə bağlı aparılmış təhlillər, əmək bazarı ilə bağlı digər proqnozlar nəzərə alınıb. Əmək bazarına daxil olan ixtisaslı kadrların sayının hər il artımı, eyni zamanda əmək bazarında mövcud olan işçi qüvvəsinin bacarıqlarının, rəqabətədavamlılığının yüksəlməsi istiqamətində görülən tədbirlər qeyd edilib. Bununla bağlı olaraq 2025-ci ildə də əcnəbi işçi qüvvəsinə tələbin azalan tendensiya əsasında müəyyən edilməsinin zərurəti, ixtisaslı əcnəbi işçi qüvvəsinin milli əmək ehtiyatları ilə əvəz edilməsi amilləri müzakirə olunub. İclasda həyata keçirilməsi nəzərdə tutulan layihələr, mədənçıxarma, elmi texniki fəaliyyət, tikinti, o cümlədən işqaldan azad olunmuş ərazilərdə həyata keçirilən geniş tikinti quruculuq işlərinə ixtisaslı əcnəbi mütəxəssislərin cəlb olunması məsələləri də nəzərdən keçirilib. Müzakirələrin yekununda 2025-ci il üçün əmək miqrasiyası kvotasına dair təkliflər, eyni zamanda 2024-cü ilin təsdiq olunmuş əmək miqrasiyası kvotasına edilməsi nəzərdə tutulan dəyişikliklərlə bağlı təkliflərin baxılmaq üçün Nazirlər Kabinetinə təqdim olunması qərara alınıb.
Facebook-da paylaş