Bakıda Qazaxıstanın iqlim təşəbbüsləri təqdim olunub


Qazaxıstan Mərkəzi Asiya üçün iqlim dəyişikliyi və “yaşıl enerji” üzrə layihə ofisi yaratmaq niyyətindədir və tərəfdaşları bu təşəbbüsü dəstəkləməyə dəvət edir.

Şəffaflıq.az xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Bakıda keçirilən “COP29 çərçivəsində kənd təsərrüfatı və su resurslarının idarə edilməsində davamlılıq və yenilikçilik” mövzusunda beynəlxalq simpoziumda deyib.

A.Bayel Qazaxıstanda iqlim dəyişikliyi, ekoloji problemlər və su çatışmazlığı ilə mübarizə sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Diplomat qeyd edib ki, Qazaxıstan beynəlxalq iqlim müqavilələri çərçivəsində götürdüyü öhdəliklərin yerinə yetirilməsi üzərində işləyir, qəbul edilmiş dayanıqlı inkişaf məqsədləri isə milli gündəliyin ayrılmaz hissəsidir.

Onun sözlərinə görə, Qazaxıstan 2030-cu ilə qədər istixana qazlarının emissiyasını ən azı 15 % azaltmaq niyyətindədir. Beynəlxalq maliyyə institutlarının dəstəyi ilə 2030-cu ilə qədər emissiyaların 25 % azaldılması isə prioritetdir.

Səfir, həmçinin Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin ekosistemin və unikal məməlilərin, o cümlədən Xəzər suitilərinin yaşayış mühitini qorumaq üçün Xəzər dənizinin Qazaxıstan hissəsində ölkə tarixində ilk dəfə dənizdə mühafizə olunan ərazinin yaradılması təşəbbüsündən danışıb.

Diplomatın sözlərinə görə, Prezident Tokayevin 2026-cı ildə Qazaxıstanda Regional İqlim Sammitinin keçirilməsi təşəbbüsü də Qazaxıstanın “yaşıl gündəliyi” təşviq etmək öhdəliyinə sadiqliyinin təsdiqidir.

A.Bayel həmçinin qeyd edib ki, Qazaxıstan noyabrda Bakıda keçiriləcək COP29 qlobal iqlim konfransında son dərəcə fəal iştirak edəcək.

Qeyd edək ki, ADA Universitetində Azərbaycanın dövlət qurumlarının, diplomatik korpusun, işgüzar dairələrin nümayəndələri, yerli və xarici alim və ekspertlərin iştirakı ilə “COP29 çərçivəsində kənd təsərrüfatı və su resurslarının idarə edilməsində davamlılıq və yenilikçilik” mövzusunda beynəlxalq simpozium keçirilib.

Azərbaycan hökuməti, eləcə də Qazaxıstan, Macarıstan və İtaliya səfirlikləri tərəfindən təşkil edilən tədbirdə kənd təsərrüfatı və su resurslarının idarə edilməsi sahələrində iqlim dəyişikliyi ilə bağlı problemlərin birgə həll yolları müzakirə olunub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}