ADB Azərbaycanın 2024-2025-ci illər üçün iqtisadi artım proqnozunu yaxşılaşdırıb
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın 2024-cü il üçün iqtisadi artım proqnozunu 1,5 faiz bəndi artıraraq 2,7 %-ə yüksəldib. ADB-nin apreldə dərc edilmiş hesabatında bu il üçün 1,2 % səviyyəsində artım proqnozlaşdırılırdı. Gələn ildə isə ÜDM-in artım tempi 2,6 % səviyyəsində proqnozlaşdırılır ki, bu, apreldəki proqnoza nisbətən bir faiz bəndi çoxdur. Bankın analitikləri qeyd edirlər ki, yaxşılaşmanın əsas amilləri qeyri-neft sektorunun artımı, dövlət xərclərinin artması və investisiya fəallığının güclənməsi olub. 2024-cü ilin birinci yarısında qeyri-neft iqtisadiyyatının artımı 6,9 % təşkil edib, karbohidrogen sektoru isə daha mütəvazi nəticə - 0,6 % göstərib. Eyni zamanda, qaz hasilatının 3,4 % artması neft hasilatının 4,9 % azalmasını kompensasiya edib. Nəticədə iqtisadi artım 2023-cü ilin birinci yarısındakı 0,5 %-dən 2024-cü ildə 4,3 %-ə qədər sürətlənib. Kənd təsərrüfatında isə əksinə, kənd təsərrüfatı məhsullarının istehsalının azalması səbəbindən artım 3,4 %-dən 0,2 %-ə qədər yavaşlayıb. Sənaye sektoru 0,9 % artım nümayiş etdirib ki, bu da neft-kimya və qida sənayesində istehsalın 7,4 % artması hesabına baş verib və 2023-cü ilin birinci yarısında hasilatın 3,7 % azalması səbəbindən sənaye istehsalının 1,8 % azalmasını kompensasiya edib. ADB ekspertləri müsbət dinamikanın ilin sonuna qədər davam edəcəyini gözləyirlər ki, bu da 2024 və 2025-ci illər üçün proqnozların yenidən nəzərdən keçirilməsinə səbəb olub. Xatırladaq ki, 2023-cü ilin nəticələrinə görə ölkənin ÜDM artımı 1,1 % təşkil edib. Hökumətin proqnozlarına görə, 2024-cü ildə ÜDM artımı 4,2 %, 2025-ci ildə isə 3,5% səviyyəsində gözlənilir.
Şəffaflıq.az bu barədə bu gün dərc edilmiş "Asiyanın İnkişaf Perspektivləri" (ADO) hesabatının sentyabr sayına istinadə xəbər verir.
ADBhəmçinin qeyd edir ki, investisiyaların əhəmiyyətli artımı tikintidə artım tempinin 2023-cü ilin birinci yarısındakı 9,2 %-dən bir il sonra 18,4 %-ə qədər ikiqat artmasına səbəb olub. Xidmət sahəsində artım 1,6 %-dən 6,1 %-ə yüksəlib ki, bu da 15,4 % artım göstərən nəqliyyat sektorunun inkişafı ilə dəstəklənib.
Facebook-da paylaş