Ölkə üzrə kadr resurslarının vahid elektron bazası ƏMAS-da toplanıb
Ölkə üzrə kadr resurslarının vahid elektron bazası Əmək və Məşğulluq Altsistemində (ƏMAS) toplanıb. Şəffaflıq.az xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyinin Risklərin idarəedilməsi və elektron audit şöbəsinin müdir müavini, ƏMAS-a nəzarət sektorunun müdiri Aynurə Tağıyeva ƏMAS və əmək qanunvericiliyinə edilmiş dəyişikliklər barədə keçirilən tədbirdə deyib. O, təklif olunan sistemdə işaxtaranlar bilik, bacarıq və səriştələrinə uyğun vakansiyalarla, işçi axtaranlar isə tələblərinə uyğun namizədlərlə sistem vasitəsilə birbaşa əlaqələndiriləcəyini bildirib: "Hər bir əməliyyat barədə vətəndaşlar və işəgötürənlər dərhal məlumatlandırılacaq". A.Tağıyeva əmək müqaviləsinin elektron sənəd formasında bağlanması istiqaməti üzrə Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən görülən işlərdən də danışıb: "Dəyişikliklər sayəsində pilot layihə çərçivəsində nazirliyin strukturunda və tabeliyində olan qurumlarda onlayn müqaviləyə keçid tam təmin edilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və onun tabe qurumları tərəfindən də onlayn müqaviləyə keçidin tətbiqinə başlanıb". Sektor müdiri əlavə edib ki, ƏMAS-ın funksionallığının artırılması istiqamətində bir sıra işlərin görülməsi nəzərdə tutulur: "Uşaq əməyinə nəzarətlə bağlı ƏMAS-da funksionallığın yaradılması, işəgötürənlər üçün ƏMAS-da hesabatlılığın genişləndirilməsi, əməkhaqqı əməliyyatlarının avtomatlaşdırılması, işəgötürənlər və işçilər üçün vahid əmək münasibatləri platformasının formalaşdırılması, insan resursları proseslərinin idarə olunması əməliyyatlarının avtomatlaşdırılması, sağlamlıq arayışlarının işçilərin șəxsi kabinetinə ötürülməsi və xəstəlik vərəqələrinin ƏMAS-a inteqrasiya edilməsi nəzərdə tutulur".
Facebook-da paylaş