Rumıniyalı atlet 2 illik diskvalifikasiya olunub
Rumıniyalı atlet Florentina Yuşko antidopinq qaydalarını pozduğuna görə 2 illik diskvalifikasiya olunub. Şəffaflıq.az xəbər verir ki, uzunluğa və üçtəkanla tullanma növlərində çıxış edən idmançı bu qərardan sonra Paris olimpiadasından da kənarda qalıb. Ötən ilin aprelində 28 yaşlı atletin dopinq testi müsbət nəticə vermişdi. Onun qadağan olunmuş maddələr siyahsında yer alan "furosemid"dən istifadə etdiyi aşkarlanıb. Rumıniya Milli Antidopinq Təşkilatı günahı və səhlənkarlığının olmadığını əsas gətirərək, idmançıya diskvalifikasiya etmədən töhmət verib. Lakin Ümumdünya Antidopinq Agentliyinin (WADA) İdman Arbitraj Məhkəməsinə (CAS) müraciətindən sonra ehtiyatlı davranmadığı üçün idmançının 1 fevral 2024-cü il tarixindən etibarən 2 il müddətinə yarışlarda iştirakına qadağa qoyulub. Qeyd edək ki, F.Yuşko 2015-ci ildə qapalı məkanda keçirilən Avropa çempionatının bürünc mükafatçısı olub.
Facebook-da paylaş