ŞKTC-li nazir: Türk dövlətlərinin Qazimağusa limanından istifadə etməsinə çalışırıq
Türk dövlətlərinin Qazimağusa limanından istifadə etməsinə çalışırıq. Şəffaflıq.az“Anadolu”ya istinadən xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) nəqliyyat naziri Erhan Arıklı deyib. O bildirib ki, ŞKTC bu məqsədlə bir il əvvəl edilən müraciətin nəticəsini gözləyir: “Biz istəyirik ki, Türk Dövlətləri Təşkilatının üzvləri Aralıq dənizinin şərqində xüsusi yer tutan Qazimağusa limanından istifadə etsinlər”. Nazirin sözlərinə görə, sözügedən məsələ TDT ölkələrinin dövlət və hökumət başçılarının Şuşa sammitində növbəti dəfə gündəmə gətirilib: “Qardaş limanlar” proqramında ümumilikdə səkkiz liman var və onlardan ikisi Türkiyəyə məxsusdur. Bu çərçivədə Qazimağusanın doqquzuncu liman qismində proqrama daxil edilməsini istəyirik. Bu, həm TDT, həm də Şimali Kipr üçün faydalı olardı”. “TDT ölkələri arasında siyasi, mədəni və ticarət əlaqələrinin inkişafı həm bölgədə, həm də beynəlxalq miqyasda sabitliyə töhfə verəcək. Biz istəyirik ki, dünya ticarətində fəallaşmaq istəyən Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Türkmənistan Qazimağusadan öz limanları kimi istifadə etsinlər”, - E.Arıklı əlavə edib.
Facebook-da paylaş