Qazaxıstan və Aİ Orta Dəhlizin inkişaf perspektivlərini müzakirə ediblər


Qazaxıstanın Baş naziri Oljas Bektenov bu gün Astanada Avropa İttifaqının diplomatik nümayəndəliklərinin rəhbərləri ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafı planlarını müzakirə edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, O.Bektenovun sədrliyi ilə Aİ-nin Qazaxıstanındakı səfiri Kestutis Yankauskas və təşkilata üzv ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə “Qazaxıstan-Avropa İttifaqı” dialoq platformasının 15-ci iclası keçirilib:

“Görüşdə ticari-iqtisadi, investisiya əməkdaşlığının genişləndirilməsi və möhkəmləndirilməsi, nəqliyyat və logistika sahəsində layihələrin birgə həyata keçirilməsi məsələləri müzakirə edilib. Xüsusilə, TBNM-nin perspektivli sahələrdən biri kimi inkişaf etdirilməsi planlarına dair fikir mübadiləsi aparılıb”.

Bildirilib ki, Çindən Aİ ölkələrinə malların təxminən 85 %-i Avropa və Asiya arasında tranzit qovşağı olan Qazaxıstan vasitəsilə daşınır:

“TBNM ticarət axınları üçün maksimum cəlbediciliyi təmin edərək, ən rəqabətli çatdırılma müddətini (12-15 gün) təmin edir. Görüş iştirakçıları Orta Dəhlizinin geniş potensialının açılmasında maraqlı olduqlarını bildiriblər”.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstandan keçərək daha sonra Türkiyə və Avropa ölkələrinə uzanır. 2023-cü ildə bu marşrutla 2,7 milyon ton yük daşınıb (2022-ci illə müqayisədə 86 % çox). 2024-cü ildə bu marşrutla yükdaşımaların 4 milyon tonu keçəcəyi proqnozlaşdırılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}