Bakı COP29-da turist axınına hazırlaşır: gözləntilər, infrastruktur və gələcək üçün planlar
Bakıda bu ilin noyabrında keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Azərbaycan turist axınına hazırlıq üçün əsas addımlar atır. Tədbir iqlim dəyişikliyi və onunla mübarizə səyləri haqqında daha çox öyrənmək istəyən nümayəndələr, ekspertlər, media işçiləri və sadə vətəndaşlar da daxil olmaqla çox sayda qonaqlar cəlb edəcək. açıqlamasında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Cavanşir Bayramov bildirib ki, tələbatın təmin edilməsi məqsədilə ölkənin müxtəlif regionlarını özündə cəmləşdirən və ekoturizm (qoruqlar, milli parklar), təbiətdə istirahət, ekstremal idman növləri ilə tanışlıq təklif edən 16 yeni turizm marşrutu hazırlanır: “Bu marşrutlar bir çox COP29 iştirakçılarının konfrans həftələri arasında keçirəcəyi boş vaxtdan maksimum yararlanması üçün nəzərdə tutulub”. Turistlərin əksəriyyətinin konfransda iştirak etməklə yanaşı, həm də ölkəni tanımaqda maraqlı olacağı gözlənilir. Buna nail olmaq üçün Azərbaycan hökuməti yerləşdirmə imkanlarını genişləndirir. Yeni mehmanxana tipli obyektlər tikir, həmçinin mövcud obyektləri modernləşdirir. Bakı ilə yanaşı, regionlarda da, xüsusilə Abşeron yarımadasında infrastruktur fəal inkişaf edir. C.Bayramovun sözlərinə görə, Dubayda keçirilən COP-dan sonra Bakıda baş tutacaq konfransa daha da böyük marağın olacağı gözlənilir: “Bu artıq hotel rezervasiyalarının sayında da görünür. Konfrans zamanı iki zonamız olacaq - mavi və yaşıl. Yaşıl zonada, həmçinin ətraf mühitin mühafizəsi çərçivəsində ölkənin turizm imkanları haqqında daha çox məlumat əldə etmək istəyən turistlər də iştirak edəcək. Bu baxımdan, Azərbaycanda COP29-a ev sahibliyi etmək təkcə iqlim dəyişikliyi problemləri ilə bağlı məlumatlılığın artırılması üçün deyil, həm də ölkənin turizm sənayesinin inkişafını stimullaşdırmaq üçün bir fürsət kimi qiymətləndirilə bilər. Kəmiyyət və keyfiyyət Azərbaycan özünü cəlbedici turizm məkanı kimi təqdim edir, qonaqlara təkcə zəngin tarix və mədəniyyət deyil, həm də heyrətamiz mənzərələr təqdim edir. Hökumət qonaqpərvərliyə də diqqət yetirir və hər bir ziyarətçinin özünü rahat hiss etməsini və unudulmaz təcrübə yaşamasını təmin etməyə çalışır. Turizm bürosunun sədr müavini qeyd edib ki, bu gün hotellərin rezervasiyası təkcə rəsmi platforma vasitəsilə deyil, paralel olaraq digər platformalar vasitəsilə bir çox hotel və mehmanxana tipli obyektlər də bron edilir: “Biz güman edirik ki, qonaqların yerləşdirilməsi bütün ölkə üzrə, xüsusilə də Bakı və Abşeron üzrə olacaq. Bu baxımdan təkcə görməli yerlər, əyləncələr, iaşə xidmətləri deyil, bütün xidmətlərə çox yaxşı tələbat gözlənilir. Bundan bütün sənaye faydalanacaq ki, bu da ölkə iqtisadiyyatına xeyli fayda verəcək”. Beləliklə, 2024-cü ilin sonuna qədər Azərbaycan iki böyük tədbirə ev sahibliyi edərək diqqət mərkəzində olacaq: “Formula 1” və COP29. Turist axınının misli görünməmiş səviyyəyə çatacağı gözlənilir və buna görə də hotel, mehmanxanalar, apartamentlər ilə yanaşı “Sea Breeze”də yeni yaşayış kompleksləri, müxtəlif səviyyəli yerləşmə bazalarının, Olimpiya kəndinin hazırlanması başa çatdırılır və Abşeron boyunca digər ərazilər də fəal şəkildə hazırlanır. Bununla yanaşı, hotellərin təsnifatına da xüsusi diqqət yetirilir. C.Bayramov qeyd edib ki, bu il 200 mehmanxananın ulduz kateqoriyasına uyğunluğu qiymətləndirilib, standartlara cavab verməyən mehmanxanaların isə təkmilləşdirilməsi üçün tövsiyələr verilib: “Əvvəlki illərdə də bu istiqamətdə xeyli işlər görülüb. Biz hansı resurslara sahib olduğunu bilmək üçün bütün növ mehmanxana və turizm xidmət obyektlərini yoxladıq”. Azərbaycan çağırışlara hazırdır Azərbaycanın turizmin inkişafı üzrə strategiyası risksiz deyil. Geosiyasi qeyri-sabitlik gözlənilməz çağırışlara səbəb ola bilər, digər turizm istiqamətləri üzrə isə rəqabət artır. Bununla belə, Azərbaycanın turizm məkanı kimi potensialı çox böyükdür. “Bütün dünyada müxtəlif tendensiyalar, o cümlədən geosiyasi hadisələr var və biz istəyirik ki, destinasiya strateji cəhətdən hazır olsun, çünki bu ölkədən olmasa da, digər ölkədən Azərbaycana turistlər gələ bilər”, - C.Bayramov bildirib. Onun sözlərinə görə, infrastrukturun hazırlanması ilə paralel olaraq marketinq araşdırmaları da aparılır. Bazarlar təhlil edilir, “yaxın xaricə” və son bir neçə ildə - Çin və Hindistana xüsusilə diqqət yetirilir: “Ölkə ənənəvi istiqamətlərlə məhdudlaşmır və fəal şəkildə yenilərini kəşf edir. Eyni zamanda, əsas məsələ çox pul xərcləməyə və ölkədə daha uzun müddət qalmağa hazır, gəlirləri yüksək olan turistləri cəlb etməkdir. Turist axınını artırmaq üçün yeni birbaşa reyslərin açılması ilə bağlı danışıqlar aparılır”. C.Bayramov vurğulayıb ki, ölkəyə gələn insanların sayı, keyfiyyət kimi vacib göstəricidir: "Turist axınında rekord il olan 2019-cu illə müqayisədə 2023-cü ildə turist axını 35 % azalıb. Buna baxmayaraq, turist xərcləri 9 % artıb. 2019-cu ildə ölkəyə rekord sayda turist gəlib - 3,2 milyon nəfər. Turizm göstəricilərinin 2024-cü ildə pandemiyadan əvvəlki səviyyələrə qayıtması gözlənilir. Artıq bu ilin fevral ayında turistlərin sayı 2019-cu ilin eyni ayın göstəricilərini üstələyib, may ayında isə fərq cəmi bir neçə faiz təşkil edib”. “Formula 1”in bütün biletlərin satıldığı 2023-cü ildəki uğuru nikbinlik yaratdığını qeyd edən Turizm bürosunun sədr müavini əlavə edib ki: “İlk ildə o qədər də güclü nəticə görmədik, ancaq sonrakı illərdə, xüsusən də ötən il biletlərin hamısı satıldı. Onların böyük bir hissəsi əcnəbilərə satıldı. Bu, olduqca lüks tədbirdir. Əcnəbilər “Formula 1”də çox pul xərcləyirlər, onlar ya erkən, ya da gec gəlirlər və çox vaxt müxtəlif turistik yerləri ziyarət etmək üçün əlavə bir həftə qalırlar. COP29 da çoxlu sayda qonaq cəlb edəcək, lakin biz sonra daha çox nəticələr gözləyirik”. Beləliklə, Azərbaycan hökuməti gələcəyə nikbin baxır və COP29-un uzunmüddətli turizmin inkişafı üçün katalizator olacağına əmindir. Azərbaycanı bütün dünyadan gələn turistlər üçün daha da cəlbedici istiqamətə çevirməklə bağlı infrastrukturun inkişafı, yeni turizm məhsullarının yaradılması və bazarların şaxələndirilməsinin davam etdirilməsi planlaşdırılır. COP29-un Azərbaycanda keçirilməsi təkcə ölkəni iqlim dəyişikliyi ilə mübarizədə məsuliyyətli və mütərəqqi iştirakçı kimi beynəlxalq arenada nümayiş etdirmək imkanı deyil, həm də bütövlükdə onun imicini yaxşılaşdırmaq şansıdır.Şəffaflıq.az
Facebook-da paylaş