Türkiyəli deputat: Azərbaycanı gözü götürməyənlərin regionu qarışdırmaq cəhdləri həyata keçməyəcək
Azərbaycanı gözü götürməyən qüvvələrin Cənubi Qafqazı qarışdırmaq cəhdləri heç vaxt həyata keçməyəcək. Bunu Şəffaflıq.az-ın Ankara bürosuna açıqlamasında Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım bildirib. Deputat deyib ki, Şuşa bəyannaməsi ilə Azərbaycanla əlaqələri strateji müttəfiqlik səviyyəsinə yüksələn Türkiyə də buna etiraz etdiyi üçün belə cəhdlər heç bir halda reallaşmayacaq: “Azərbaycanla Türkiyənin sarsılmaz birliyi artıq Türk dünyasında əks olunur. Türk Dövlətləri Təşkilatının inkişafına yönəlmiş qarşılıqlı fəaliyyətlər regional və beynəlxalq müstəvilərdə irəli aparılır. Bunu iyulun 5-də təşkilatın Şuşada keçiriləcək qeyri-rəsmi zirvə görüşü bir daha sübut edəcək”. Ş.Ayrım qeyd edib ki, Fransa və digər qüvvələrin keçmiş Qarabağ münaqişəsindən mənfəət götürmək kimi çirkin niyyətləri var: “Afrikadan qovulan Fransa öz silahlarını satmaqla və Qarabağda nifaqı davam etdirməklə öz mənfəətini güdməkdədir. Rəsmi Parisin artıq dünyanın başqa yerlərində sözü keçmir, Ermənistanı əlaltısı kimi istifadə etmək istəyir. Təbii ki, Qarabağ münaqişəsinin bitməsini istəməyən başqa dövlətlər də var". Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri əlavə edib ki, Azərbaycanın dünya arenasında etibarı günü-gündən artır. "Azərbaycanın bölgədə güclənməsi, işğaldan azad edilən torpaqlarında bayrağının dalğalanması bəd niyyətlə bəslənən qüvvələri qıcıqlandırır. Amma Fransa və Azərbaycanı gözü götürməyən digər qüvvələrin arzuları ürəklərində qalacaq”, - deyə o vurğulayıb.
Facebook-da paylaş