Vitamin və qida əlavələri böyrəklərinizi sıradan çıxara bilər – Professordan AÇIQLAMA


Həkim məsləhəti olmadan istifadə edilən vitamin və qida əlavələrinin böyrəklərdə daş əmələ gəlməsindən tutmuş böyrək çatışmazlığına qədər problemlər yarada biləcəyi ifadə edilib.

Şəffaflıq.az medicina.az-a istinadən xəbər verir ki, Prof. Dr. Yunus Erdem sağlamlığı qorumaq üçün həkim tərəfindən təyin olunmayan və heç bir xəstəlik diaqnozu olmadan qəbul edilən əlavələrin faydadan çox zərər verdiyini açıqlayıb.
O, böyrəklərin natrium, kalium və kalsium kimi əhəmiyyətli elektrolitlərin səviyyəsini qoruduğunu, su və turşu-baz balansını təmin etdiyini, qan təzyiqi üçün lazım olan hormonları və sümük iliyini aktivləşdirən hormonları istehsal etdiyini xatırladıb.

Həkim həyati orqanlardan biri olan böyrəkləri qorumaq üçün bəzi qaydalar olduğunu diqqətə çatdırıb.

"Böyrək sağlamlığını qorumaq üçün un məhsulları, yağ, şəkər, çərəz kimi yüksək kalorili qidaları azaltmaq və ideal çəkini qorumaq lazımdır", - deyə professor qeyd edib.

Böyrək sağlamlığını təhlükəyə atan xəstəliklərdən birinin hipertoniya olduğunu xatırladan Erdem buna görə də duz istehlakını mütləq şəkildə azaltmağı məsləhət görüb:

"Elmi araşdırmalar göstərib ki, həddindən artıq duz qəbulu tərkibində duz olan pendir, zeytun, çörək, tomat pastası və turşu kimi qidaların istehlakından qaynaqlanır. Yenə həddindən artıq zülal qəbulu da böyrəklərin sağlamlığına mənfi təsir göstərir".

Həkim, həmçinin lazım olmadıqca ağrıkəsicilərdən istifadə etməməyi məsləhət görüb.

Prof. Dr. Erdem dərmanların böyrək sağlamlığına zərər verə biləcəyi üçün yalnız lazım olduqda istifadə edilməli olduğunu vurğulayıb.

"Böyrək sağlamlığı üçün spirt və siqaretdən uzaq durulmalı, fiziki fəaliyyətə diqqət yetirilməlidir. Aralıq dənizi qidalanma növünü və ya porsiyaların məhdud olduğu, kalorilərin sayıldığı "Daş Dieti"ni seçmək məqsədəuyğundur", - professor nəzərə çatdırıb.

O, qida əlavələri ilə bağlı təhlükəyə isə xüsusi olaraq toxunub:

"İmmuniteti artırmaq, çəki atmaq və ya artırmaq, kollagen səviyyəsini artırmaq və s kimi müxtəlif səbəblərlə həkimlə məsləhətləşmədən istifadə edilən vitamin və qida əlavələri böyrək sağlamlığına böyük zərbə vura bilər".

Professor qan analizi və digər testlərin nəticələrinə görə, lazım gələrsə, həkim təyin etmədikcə, heç kimə qida əlavələrindən istifadə etməyi tövsiyə etmədiklərini vurğulayıb.

"Biz alimlər qida və vitamin əlavələri qəbul etməyi məsləhət görmürük. Çünki bitki mənşəli müalicələrdə dozanı tənzimləmək çətindir. Böyrəklərin zərərli maddələri xaric etməkdə çətinlik çəkdiyi hallarda toksik təsir ehtimalı artır və böyrəkləri yorur.
Bədənin ehtiyacından artıq qəbul edilən vitaminlər və digər əlavələr bədəndən xaric oluna bilmədiyi üçün zamanla daş əmələ gəlməsinə səbəb ola, hormonların istehsalını maneə törədə və balanssızlıq yarada bilər", - deyə professor bildirib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}