İran İrəvandakı Göy məsciddə seçki məntəqəsi açıb
İran səsvermə hüququ olan vətəndaşları üçün İrəvandakı Göy məsciddə seçki məntəqəsi açıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə məlumatı İran hakimiyyətinə bağlı informasiya kanalı yayıb. Göy məscid və ya Hüseynəli xan məscidi azərbaycanlılara məxsus islam dini ibadət yeri olub. Azərbaycanlılar İrəvandan qovulduqdan sonra bu məscidi ermənilər “fars mədəniyyət abidəsi” kimi təqdim ediblər. Tehran hakimiyyəti məsciddə təmir-bərpa işləri aparaq orada fars mədəniyyətinə aid aid elementlər yerləşdiriblər. Göy məscid 1766-ci ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilib. Azərbaycan memarlıq nümunələrindən biridir. Eni 66 metr, uzunluğu 97,2 metr olan Göy məscid İrəvan məscidləri içərisində ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin mərkəzi came məscidi olub. Çar Rusiyası dövründə İrəvanda azərbaycanlıların dini ibadətlərini icra etdikləri 8 məsciddən biri idi. Məscid 28 hücrə, kitabxana, ibadətgah və iç həyətdən ibarətdir. Ümumilikdə 7 000 kvadrat metrlik sahəsi olub. İkinci Dünya müharibəsindən sonra sovet hakimiyyətinin ateist siyasətinə uyğun olaraq hündürlüyü 24 metr olan dörd minarədən üçü sökülüb. Məscid XX əsrdə ermənilər tərəfindən iki dəfə - 1918-ci ildə, sonra isə 1955-ci ilin martında azərbaycanlı din xadimi Mahmud Aruzoğlu, həyat yoldaşı və 22 nəfər türk alimi ilə məsciddə ibadət edərkən yandırılıb. Qeyd edək ki, iyunun 28-də İranda prezident seçkisi keçirilir.
Facebook-da paylaş