SOCAR hasilat və LNG sahəsində yeni layihələr həyata keçirməyi planlaşdırır
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft və qaz hasilatı və mayeləşdirilmiş təbii qaz (LNG) sahəsində yeni layihələr həyata keçirməyi planlaşdırır. Şəffaflıq.az xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidentinin müşaviri Səriyyə Bünyatova Bakı Enerji Forumunun II günündə bildirib. “Neft-qaz hasilatı sektorunda layihələr portfelimizi inkişaf etdirir və genişləndiririk. Birləşmiş Ərəb Əmirliklərində neft layihəsində 3 %-lik payın alınması bunun bariz nümunəsidir. Lakin biz hasilat və LNG sahələrində başqa layihələr də planlaşdırırıq”, - o vurğulayıb. Qeyd edək ki, bu ilin mayın 30-da SOCAR Abu Dabi Milli Neft Şirkətindən SARB və “Umm Lulu” yataqlarında 3 % pay alıb. S.Bünyatova xarici investorların Azərbaycanın neft-qaz hasilatı sektoruna marağının artdığını da qeyd edib: “Hasilat sektoruna investisiyalar əvvəlki illərlə müqayisədə artır. Belə bir anlayış var ki, qaza olan tələbatı aşağı investisiyalar sayəsində ödəmək mümkün deyil”. Onun sözlərinə görə, SOCAR hazırda hasilat sektorunda işlərin sürətləndirilməsinə diqqət yetirir: “Xüsusilə, biz hazırda “Abşeron” yatağının tammiqyaslı işlənməsinə dair işləri sürətləndirməyə çalışırıq və layihə tərəfdaşlarımızla müvafiq müzakirələr aparırıq”. Xatırladaq ki, "Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında kontrakt imzalanıb. 2023-cü ilin avqustun 4-də isə ADNOC ilə "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının alınmasına dair Saziş imzalanıb. Hazırda SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edir. "Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir.
Facebook-da paylaş