Mətbuat Şurası rusiyalı jurnalisti Azərbaycana qarşı qərəzli mövqedən əl çəkməyə çağırıb


Azərbaycan Mətbuat Şurası rusiyalı teleaparıcı, jurnalist Vladimir Solovyovun “Crocus City Hall” konsert zalında törədilmiş qorxunc terror aktı ilə bağlı mövqeyini, Azərbaycanı bu hadisə ilə əlaqələndirmək yönümlü informasiya təxribatını qətiyyətlə pisləyir.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə Mətbuat Şurasının yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, “Crocus City Hall” konsert zalında törədilmiş və xeyli günahsız insanın ölümünə səbəb olmuş terror aktı xüsusunda yaranmış durum hadisə ilə bağlı yayılmış informasiyalara həssas yanaşılmasını aktuallaşdırır: "Təəssüf ki, Rusiyada bu həssaslığı heç də hər kəs ciddi şəkildə düşünmür. Teleaparıcı, jurnalist Vladimir Solovyov belələrindən biri, bəlkə birincisidir. Məlum terror aktında Azərbaycan izini axtarmaq yönümlü mülahizələri bu şəxsin ölkəmizə qarşı ənənəvi qərəz ritorikasının sərhədlərini aşır. V.Solovyov özünün eyhamları ilə Azərbaycana münasibətdə informasiya təxribatı aparır. Nəzərə almır ki, terrorçunun heç bir milli və dini mənsubiyyəti ola bilməz. Üstəlik, hadisəni törətməkdə təqsirli bilinən şəxslər müəyyənləşib və Solovyovun konsprioloji təfəkkürünü işə salmasına heç bir ehtiyac yoxdur".

Vurğulanıb ki, V.Solovyovun “Crocus City Hall”da törədilmiş təxrtibata etnik fon verməsi azərbaycanlıları, ümumən Azərbaycanı hədəfə almaq, Rusiyada etnik münaqişə alovlandırmaq, həmvətənlərimizə münasibətdə antipatiya yaratmaq cəhdidir: "Bu şəxsin hansı dairələrin “sifarişlərini” yerinə yetirdiyi məlumdur. Onun erməni əsillilər - rusiyalı jurnalist Marqarita Simonyanla və media maqnatı Aram Qabrielyanovla “işbirliyinin” təsdiqləyən faktlar həm Rusiya, həm də Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur. Bu “trio” hələ 2016-cı ildə ölkəmizi terrorçu İŞİD-lə əlaqələndirmək istəmişdi. Solovyovun “Crocus City Hall” olayı ilə bağlı eyhamları eyni yarıtmaz dəst-xəttin davamıdır. Hiss olunur ki, başlıca məqsədi Azərbaycan-Rusiya münasibətlərinin hazırkı yüksək səviyyəsinə xələl gətirməkdir. Şübhə yoxdur ki, V.Solovyovun “Crocus City Hall” terrorunda Azərbaycan izlərini axtarmaq cəhdi onun ermənipərəst təəssübkeşliyindən qaynaqlanır. Bu, media prinsipləri, söz və ifadə azadlığının imkanları ilə aşkar manipulyasiyadır. Jurnalistin hadisə və proseslərə yanaşması, habelə qiymətləndirmə tərzi Rusiya ictimaiyyətini, o cümlədən, media cameəsini ciddi şəkildə düşündürməlidir. Çünki Solovyov cəmiyyəti yanlış yönləndirməklə məşğuldur. Onun tutduğu mövqe əsl həqiqətləri və reallıqları korporativ maraqlara qurban verməkdir. Bu, bir peşə sahibinin nəinki başqa, ən əsası vətəndaşı olduğu ölkəyə vurduğu son dərəcə ağır zərər və ziyandır".

"Azərbaycan Mətbuat Şurası V.Solovyovun “Crocus City Hall” konsert zalında törədilmiş qorxunc terror aktı ilə bağlı mövqeyini, Azərbaycanı bu hadisə ilə əlaqələndirmək yönümlü informasiya təxribatını qətiyyətlə pisləyir. Şura Rusiya mediasına, eləcə də ölkə ictimaiyyətinə müraciət edərək, Vətəni və xalqı qarşısında heç bir məsuliyyət hissi duymadığı aşkar görünən, peşəni qərəz alətinə çevirmiş jurnalistin hərəkət və davranışlarına biganə qalmamağa çağırır. Mətbuat Şurası ümidvardır ki, V.Solovyova qarşı zəruri ictimai qınaq formalaşacaq, bu şəxsin əməllərinə layiqli hüquqi qiymət veriləcək", - bəyanatda qeyd olunub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}