COVİD-19-u ağır keçirənlərə pis xəbər - beyni tədricən qocaldırmış?
Professor: "Viruslar hüceyrələrin hər birinə müəyyən qədər zədələyici təsir göstərir, ona görə..." COVİD-19 virusu beyindəki dopamin neyronlarını yoluxdursa, hüceyrə böyümək və bölünmə qabiliyyətini itirməklə qocalığa səbəb ola bilər. Bu barədə "Cell Stem Cell" jurnalında alimlərin tədqiqatı barədə dərc olunan məqalədə deyilir. Mütəxəssislərə görə, koronavirusa yoluxmuş dopamin neyronları fəaliyyətini dayandırır və iltihaba səbəb olan kimyəvi siqnallar göndərməyə başlayır. Normalda bu hüceyrələr rahatlıq, motivasiya, yaddaş, yuxu və hərəkətə cavabdeh neyromediator - dopamin istehsal edir. Bu neyronların zədələnməsi Parkinson xəstəliyi ilə də əlaqələndirilir. Dopamin neyronlarının yoluxma səviyyəsi COVİD-19 virusunun sevimli hədəfi olan ağciyər hüceyrələrinin yoluxma səviyyəsi qədər yüksək olmasa da, yoluxmuş hüceyrələrin kiçik bir populyasiyası belə mərkəzi sinir sistemi üçün potensial ciddi nəticələrə gətirə bilər. Artıq bu yöndə kifayət qədər fakt qeydə alınıb. Ümumiyyətlə isə insanların əksəriyyəti COVİD-19 xəstəliyi zamanı və sonrasında yaddaş problemlərindən, idrak pozğunluğundan, yuxusuzluqdan, narahatlıq keçirməkdən, eləcə də xarakterik "beyin dumanlanması"ndan şikayətlənir. Bəs Azərbaycanda bu xüsusda praktika nə deyir, baş beynin zədələnməsi kimi hallara nə dərəcədə rast gəlinib və ya gəlinir? Koronavirus keçirmiş insanlar üçün hələ də təhlükə qalırmı? COVİD-19-un uzaq fəsadları zaman baxımından nə qədər sürə bilər? Tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı "Yeni Müsavat"a dedi ki, COVİD-19 pandemiyasının nəticələrinin araşdırılması prosesi davam edir: "Həm COVİD-dən dünyasını dəyişən şəxslərin autopsiya nəticələri, xəstələrdə aparılan analiz nəticələri, hazırkı lonk-COVİD nəticəsində əziyyət çəkən, tez-tez COVİD olan ayrı-ayrı xəstələrin üzərində aparılan analizlər, onların qan təhlilləri ciddi şəkildə dünyanın nəzarət-profilaktika mərkəzləri tərəfindən araşdırılır və araşdırmaların nəticələri haqqında mütəmadi olaraq məlumat verilir. Amma son məlumatlar da yəqin ki, yaxın vaxtlarda açıqlanacaq. Pandemiya özü bitsə də, onun xırda ocaqları, epidemiyaları davam edir. Nəzərə almaq lazımdır ki, hər bir virusun orqanizmə öz təsiri var. Bu, həyatın qeyri-hüceyrəvi formasıdır. Hüceyrə daxilində bunlar lövbər salır, artır. Əlbəttə, ayrı-ayrı virusların müxtəlif hüceyrələri zədələməsi mümkündür, orqanizmin funksional imkanlarında özünü göstərə bilər. Həmin iddia da istər dopomin neyronları ilə bağlı, həm beyində emosional motivasiyalara cavab verən sistemə, həm də beyin qabığına təsir edə bilər. Tədqiqatlar davam edir. Hər halda, viruslar hüceyrələrin hər birinə müəyyən qədər zədələyici təsir göstərir. Hesab edirəm ki, biz mümkün qədər elmin tövsiyələri ilə hərəkət etməliyik. Vaxtında vaksinasiya olunmaq, deyilənlərə əməl etmək, antivaksin təbliğatına qoşulmamaq, qoşulanları da qınamalıyıq, bütün bunlarla biz vəziyyətdən çıxa bilərik. Çünki bir tərəfdən Yer kürəsində həddən artıq insan artımı var, digər tərəfdən insan fəaliyyəti nəticəsində əmələ gələn qlobal iqlim dəyişiklikləri, bunun nəticələri, buzlaqların əriməsi nəticəsində ayrı-ayrı virusların fəallaşması, bütün bunlar yaxşı heç nə vəd etmir. Bunu nəzərə almalıyıq. Elə situasiya yarana bilər ki, dünya səhiyyəsi onun qarşısında tamamilə aciz qala bilər. Bu baxımdan, elmin tövsiyələrinə riayət etmək vacibdir". Sürix və Liverpul universitetlərinin alimləri də koronavirusun beyinə təsirini öyrənmək üçün hACE2 insan reseptorlu genetik cəhətdən modifikasiya edilmiş siçanlardan istifadə ediblər. Müəlliflər intranazal qaydada heyvanları aşağı və ya yüksək dozada SARS-CoV-2 ilə yoluxdurub və virusun beyinə necə təsir etdiyini araşdırıblar. Müşahidələr göstərib ki, burundan yeridildikdən yeddi gün sonra virus qoxu lampası vasitəsilə beyinə daxil olub. Tədqiqatçılar virusun qoxu epitelində və qoxu lampasının neyronlarında, həmçinin beynin frontal bölgələrində və qoxu lampası ilə əlaqəsi olan bölgələrdə - hipokampus, talamus və hipotalamusda yayıldığını aşkar etdiklərinə görə belə qənaətə gəliblər. Daha yüksək dozalarda alimlər virusun baş və onurğa beyində daha geniş yayıldığını müşahidə ediblər.
Facebook-da paylaş