Şanlı bayrağı ata sərvəti bilənlər...


“Hara gediriksə şanlı döyüşdən çıxmış bayrağımızı hər yerdə dalğalandırırıq”

 Muradov Əzizbəy Etibar oğlu.

Ərazi o zaman Vətənə çevrilir ki, milli ruhla canlanmış olsun

   Əbu Turxan

Əzizbəy Muradov ixtisasca musiqiçi idi...44 günlük Vətən  müharibəsinin iştirakçısı olmuşdu. Müqəddəs torpaqlarımızın düşməndən azad edilməsində can qoymuşdu. Hətta döyüş zamanı əlinə  piano, qarmon düşmüşdü. Ermənilərdən qənimət alınmışdı. O da həmin qarmonda, pianoda çalaraq gözəl ifaları ilə döyüşçü dostlarını ruhlandırmışdı. Əzizbəy Qarabağda Qarabağ şikəstəsini çalırdı... Şikəstə havalanır, əsgərlərimizin qanını, döyüş ruhunu coşdurur, daşlara, qayalara çırpılıb göylərə çilənirdi. Əlvan fişənglər, çiçəklər kimi... Əzizbəy Qarabağ şikəstəsini çalırdı, oxuyurdu...  Artıq müharibə bitmişdi... Əzizbəyin ifa etdiyi musiqilər həm Zəfər qələbəsinin ovqatını, sevincini yaşadırdı, həm də... Həm də Vətən, torpaq, dövlət uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhuna elegiya kimi səslənirdi...Musiqi sədaları onun  şəhid yoldaşlarının xəyal olan dünyasını gəzirdi, ölməz ruhları çağırırdı...Nakam arzuları dilləndirirdi. Heyhat... Ürəyinə dammışdı ki, haçansa özü də bu musiqi sehrinin, möcüzəsinin ağuşunda behişt qoynuna düşə bilər... 


   Muradov Əzizbəy Etibar oğlu 3 fevral 1998-ci ildə  Sabirabad rayonu Ulacalı kəndində dünyaya göz açmışdı. 2004-cü ildə doğulduğu kənddə birinci sinfə getmişdi, məktəbi əla qiymətlərlə oxumuşdu.  2009-cu ildə Üzeyir Hacıbəyov adına musiqi məktəbində, qarmon sinifində təhsilini davam etdirmişdi. 

2015-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda hərbi xidmətdə olmuşdu. Lələtəpə döyüşündə iştirak etmişdi, qəhrəmanlıq göstərmişdi, seçilmişdi.

    Əzizbəy 2018-ci ildə Asəf Zeynallı adına musiqi kollecinin Xalq çalğı alətləri (qarmon) ifaçılığına qəbul olunmuşdu. Üçüncü kursda oxuyanda II Qarabağ müharibəsi başlanmışdı.  Səfərbərlik elan olunanda könüllü olaraq rayon hərbi komissarlığına getmişdi, ordu sıralarına yazılmışdı.  

    Muradov Əzizbəy Etibar oğlu 29 sentyabr 2020-ci ildə Sabirabad rayonundan cəbhəyə yola düşmüş, Qubadlı və Cəbrayıl uğrunda gedən ağır döyüşlərdə iştirak etmiş, rəşadət göstərmişdi. “Vətən müharibəsi iştirakçısı”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə  təltif olunmuşdu.  

 

   Müharibə qurtardıqdan sonra Əzizbəy yenidən öz peşəsinə qayıtmış, musiqi kollecində təhsilini başa vurmuşdu. Müharibədə göstərdiyi şücaətə görə 2022-ci ildə Çevik Polis Alayına qəbul olunmuşdu. Beləcə musiqi sənətini hərb sənətinə dəyişməyi lazım bilmişdi. Tale işi idimi, bilmirik. 

   2023-cü il sentyabrın 19-dan 20-ə keçən gecə Qarabağda 23 saatlıq lokal antiterror əməliyyatı başlanmışdı. Döyüş qəhrəmanımız yenə ön cəbhədə döyüşlərdə olmuşdu.  Fəqət qəflətən  minaya düşüb partlayış nəticəsində ağır yaralanmışdı. Bir müddət komada qalmışdı. Fəqət ağ xalatlı həkimlər onu xilas edə bilməmişdi. Muradov Əzizbəy Etibar oğlu 6 oktyabr 2023-cü ildə  canını qurban vermiş, şəhidlik zirvəsinə yüksəlmişdi. Allah rəhmət eləsin! Yeri-yurdu behiştlik olsun! Cəmi şəhidlərimizin ölməz ruhları cənnətlik olsun!  

   Vətənpərvərlik və qəhrəmanlıq mənəvi varislikdir. Atadan oğula keçmişdi əmanət kimi. Qismətinə düşən ata sərvəti kimi! Onun hüzurunda keşikdə durmağı vəzifə borcu bilmişdi özünə.

   Əzizbəyin atası Etibar da I Qarabağ müharibəsi qazisi olmuşdu. 1988-ci ildə Rusiyaya hərbi xidmətə çağırılmışdı. 1990-cı ildə xidməti başa vurub yurduna qayıtmışdı. 1992-ci il oktyabrın 8-də könüllü olaraq cəbhəyə yazılmış, I Qarabağ müharibəsində iştirak etmişdi. 1993-cü il fevral ayının 22-də yaralandığından hərbi hospitala düşmüş, 3-cü qrup Qarabağ müharibəsi əlili olmuşdu... İndi qəhrəman ata qürurla şüküranlıq edir ki, nə yaxşı, torpaqlarımızı qaytarmışıq. Şəhid atası kimi qan verib aldığımız yerləri heç olmasa istədiyim vaxt ziyarət edə biləcəyəm. 

   Xarıbülbülü torpağında azadlığa qovuşduran, Vətənin suverenliyi, ərazi bütövlüyü uğrunda can vermiş Əzizbəy Muradov kimi mərd oğullarımızın qanı nə yaxşı ki yerdə qalmadı, düşməndən intiqam alındı. Əzizbəy Muradov kimi oğulların hünər yolu gələcək nəsillər üçün əbədi örnək oldu. Qoy bu kövrək yazı da övladlarını qurban vermiş qürurlu valideynlərimiz üçün heç olmasa təsəlli mənbəyi olsun! Ruhu şad olsun ölməz Əzizbəyin, müqəddəs şəhidlərimizin! 

   Dosent Hüseynova Suma Sakitqızı.

Şəffaflıq.az 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}