Rəhbərlərin ölüm səbəbləri: Lenin sifilisdən, Stalin insultdan, Xruşov infarktdan, Brejnev ürəkdən… gedib
Uzun illər SSRİ öz güclü səhiyyəsi ilə dünyada birincilik iddiasında olub. Təbii ki, sərhədlərin bağlı, xarici mətbuatın əlçatmaz olduğu bir dövrdə sovet vətəndaşları bu iddianın nə dərəcədə əsaslı olduğunu müəyyənləşdirə bilməyiblər. Çünki müqayisə etmək imkanı olmayıb.
1970-ci illərdən sonra açıq, yaxud məxfi şəkildə bir çox xarici ölkə rəhbərlərinin müalicə üçün SSRİ-yə üz tututmaları da məlum faktdır. Kremlin baş həkimi (SSRİ Səhiyyə Nazirliyinin 4-cü idarəsinin rəisi, sonralar səhiyyə naziri) akademik Yevgeni Çazov öz xatirələrində qeyd edib ki, təkcə Moskvada 19 xarici ölkə liderini müalicə edib. Amma nədənsə belə güclü səhiyyəyə sahib olan ölkə öz rəhbərlərinə yetərincə şəfa verə bilməyiblər.
Sovet rəhbərləri hansı xəstəliklərdən əziyyət çəkiblər?
Vladimir İliç Lenin 1924-cü ildə 53 yaşında beyin qansızmasından, hemorragik insult diaqnozu ilə vəfat edib. Proletarların rəhbəri öz həkimlərinə etibar etməyib. Onun sağlamlığı ilə alman həkimləri məşğul olublar. Leninin səhhətində kifayət qədər digər ciddi problemlər də olub. Ömrünün son illərində o, hərəkəti məhdudlaşdıran iflic vəziyyətində yaşayıb. Artıq 1922-ci ildə Lenin tez-tez baş verən bayılma, yaddaşın pozulması, əzələ tonusunun azalması, qida qəbulundan imtina və bu kimi patoloji hallarla demək olar ki, tam fəaliyyətsiz vəziyyətdə qalıb. Bunlarla yanaşı, Lenində dərinin, selikli qişaların, daxili orqanların, sümük və sinir sisteminin zədələnməsi ilə müşahidə olunan siflis xəstəliyi də aşkar edilib. Beləliklə, Lenin mavzoleyə bir “çələng” xəstəliklə transfer edib.
İosif Stalin də Kremlə çoxsaylı xəstəliklərlə qədəm qoyub. Bu xəstəliklərlə onun 73 il yaşamasını həkimlər möcüzə sayıb. Travma ilə doğulan Stalinin sol qolu hərəkətsiz olub və o, yeniyetməlik yaşlarından sinir, əzələ ağrıları, yuxusuzluq, qıcolmalar, kəskin mədə ağrıları, orqanizmdə tez-tez baş verən iltihabi proseslərdən əziyyət çəkib. Hakimiyyətə gələnə qədər o, iki dəfə cərrahi əməliyyat olunub, kor bağırsağını çıxarıblar və mədəsinin bir hissəsini kəsiblər. Stalini bütün ömrü boyu yüksək qan təzyiqi də narahat edib.
Həkimlərlə ünsiyyətdə olmağı çox da xoşlamayan Stalin öz səhhətini yalnız şəxsi həkimi Vinoqradova etirbar edib ki, onu da özü 1952-ci ildə “həkimlər işi” ilə bağlı həbs etdirib.
Stalin güclü şəxsiyyət olsa da, tibbi-bioloji baxımdan orqanizmi çox zəif olub. Hətta o, Qafqazda yay fəslində istirahət edərkən bulaq suyu içəndə boğazı ağrıyıb.
Stalinin ölümü ilə bağlı rəsmi həkim rəyində səbəb beyinə qansızma göstərilib. Amma bu məsələnin rəsmi tərəfidir. Qeyri-rəsmi isə ölümlə bağlı altı versiya mövcuddur ki, həmin versiyalar bu günə qədər də müəmma olaraq qalır.
Beləliklə, Stalin də bir rəhbər kimi sovet səhiyyəsindən lazımınca bəhrələnə bilməyərək özü ilə o dünyaya “sirli xəstəliklər” aparıb.
SSRİ liderlərindən Nikita Xruşov yeganə rəhbər olub ki, 70 yaşına qədər sağlamlığından heç vaxt şikayətlənməyib. Saray çevrilişi olmasaydı, onu hakimiyyətdən devirməsəydilər, bəlkə də Xruşov ömrünün sonuna qədər həkimlərlə üz-üzə oturmazdı. 1964-cü ildə Nikita Xruşovu təqaüdə göndərdikdən sonra onun ürəyində problemlər yaranıb və infarkt keçirib. Kreml öz mərhəmətini sabiq birincidən əsirgəməyib və o, Kreml xəstəxanasında müalicə alıb.
Məlum olduğu kimi, Xruşov Kreml xatirələrini öz səsi ilə maqnitafona yazıb. 1970-ci ildə həmin lent yazıları oğlu vasitəsilə SSRİ-dən çıxarılıb. Bununla bağlı Xruşovu Mərkəsi Komitə yanında Partiya Nəzarəti komissiyasına dəvət edərək “sorğu-suala” tutublar. Bu hadisədən sonra Xruşovun ürəyində yenidən problemlər yaranıb və o, ikinci infarktdan sonra 1971-ci ildə 77 yaşında Kreml xəstəxanasında vəfat edib.
Ordenlərinin sayı qədər xəstəlikləri olan Leonid İliç Brejnev ilk infarktını 44 yaşında keçirib. Bir kitablıq diaqnozla baş katib kürsüsünə əyləşən Brejnev üz-çənə xərçəngi, hipertoniya, sinir xəstəlikləri, dayaq-hərəkət aparatında patologiyalar, yaddaş pozğunluğu, yuxusuzuq kimi xıstəliklərdən əziyyət çəkib. 1974-cü ildən Brejnev faktiki olaraq həkimlər tərəfindən idarə olunub. Axşamlar yuxu dərmanı qəbul edən Brejnev, səhərlər tam ayılmaq, gümrah olmaq üçün digər həblər qəbul edib. Bu təzadlı müalicə və bütövlükdə qəbul edilən dərman preparatlarının “bolluğunu” Brejnevin orqanizmi artıq qəbul edə bilməyib. Hətta güclü sayılan sovet səhiyyəsi baş katibin xəstəlikləri qarşısında aciz qalıb.
Atereskleroz xəstəliyi olan Brejnev 1982-ci il noyabrın 10-da axşam ailə üzvləri ilə şam etdikdən bir saat sonra yatmağa gedib. 75 yaşlı baş katib yuxuda olarkən ürəyi dayanıb.
15 ay hakimiyyətdə olan Yuri Andropov hipertoniya xəstəliyindən əziyyət çəkib. Sağlamlığına diqqətlə yanaşan və həm də Çazovla yaxın dost olan Andropov həkimlərin səyi ilə yüksək qan təzyiqini kifayət qədər aşağı sala bilib. Ancaq həkimlər onun böyrək xəstəliyinə əlac edə bilməyiblər. Andropov 1984-cü il fevralın 9-da 69 yaşında vəfat edib. Rəsmi olaraq ölümün səbəbi böyrək çatışmalığı göstərilib. Çazov öz xatirələrində qeyd edib ki, güclü sovet səhiyyəsi Andropovun ömrünü 15 il uzadıb.
Konstantin Çernenko birinci kürsüyə ağır xəstə vaxtında sahib olub. 1 il 25 günlük hakimiyyəti dövründə o, gözüdolusu baş katib kreslosunda əyləşə bilməyib və ölkəni xəstəxanadan idarə edib. Ağciyər xəstəliyindən əziyyət çəkən Çernenko digər xəstəliklərinin də şiddətlənməsi nəticəsində 1985-ci ilin martın 10-da 73 yaşında qəfil ürək dayanmasından vəfat edib.
SSRİ-nin sonuncu rəhbəri olan Mixail Qorbaçovun hansı xəstəlikdən vəfat edəcəyi isə yəqin ki, yaxın vaxtlarda bəlli olacaq.
Şəffaflıq.az
Facebook-da paylaş