DVX: "Bu il vergi ödəyicilərinə xidmət mərkəzlərində 420 mindən çox şəxs qəbul edilib"
Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 420 049 şəxs qəbul edilib. Şəffaflıq.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir. Məlumata görə, onlara 770 280 sayda xidmət göstərilib ki, bunlardan 204 mindən çoxu şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 177 mindən çoxu isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, eləcə də müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə kömək göstərilməsi) bağlı olub. Ümumi elektron xidmətlərin 88 %-ni 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib: - bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi; - qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi və yenidən verilməsi; - vergi ödəyicisinin fəaliyyətinin dayandırılması; - sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi barədə qəbzlərin verilməsi; - vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi; - fiziki şəxsin uçota alınması və yenidən uçota alınması; - “ASAN İmza” sertifikatlarının verilməsi; - vergi ödəyicilərinə arayışların verilməsi; - vergi ödəyicisinin fəaliyyətinin bərpası; - fiziki şəxsin uçotdan çıxarılması. 8 ay ərzində vergi ödəyicilərindən daxil olmuş 20,7 minə yaxın yazılı müraciət cavablandırılıb, 7,7 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 1,254 milyona yaxın SMS göndərilib. Hesabat dövründə 2 189 vergi ödəyicisinin iştirakı ilə 180 görüş keçirilib, 3 123 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.
Facebook-da paylaş