SOCAR prezidenti “Uzbekneftegaz”ın İdarə Heyətinin sədri ilə görüşüb
SOCAR prezidenti Rövşən Nəcəf Azərbaycan-Özbəkistan Biznes Forumu çərçivəsində Özbəkistanın “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Baxodirjon Sidiqov ilə görüşüb. Şəffaflıq.az xəbər verir ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan ilə Özbəkistan arasında enerji sektorunda əməkdaşlığın genişləndirilməsinə dair verilən tapşırıqların icrası istiqamətində mühüm addımların atıldığı vurğulanıb. Bu xüsusda, 18 iyul tarixində Şuşada keçirilən Azərbaycan-Özbəkistan hökumətlərarası komissiyanın son iclası çərçivəsində SOCAR ilə “Uzbekneftegaz” arasında imzalanan sənədlərin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib. Görüşdə SOCAR ilə “Uzbekneftegaz” arasında neft, neft-kimya, qaz-kimya və digər neft məhsullarının ticarət və logistikası, kadrların hazırlanması üzrə əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivlərə dair müzakirələr aparılıb. Azərbaycan-Özbəkistan Biznes Forumu çərçivəsində, həmçinin tərəflər arasında “Uzbekneftegaz”ın Azərbaycan Respublikasında neft-qaz layihələrində iştirakına dair müqavilə, o cümlədən SOCAR-ın Özbəkistan Respublikasında neft-qaz layihələrində iştirakına dair SOCAR, Özbəkistan Respublikasının Mədən və Geologiya Nazirliyi və “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Saziş imzalanıb.
Facebook-da paylaş