Azərbaycan Premyer Liqası: “Qarabağ” “Araz-Naxçıvan”ı minimal fərqlə məğlub edib
Azərbaycan Premyer Liqasında III turun oyunları davam edir. Şəffaflıq.az -ın məlumatına görə, günün ilk matçında son çempion “Qarabağ” elitaya qayıdan “Araz-Naxçıvan”ı qəbul edib. Nicat İsmayıllının idarə etdiyi görüşdə hesabı 15-ci dəqiqədə meydan sahibləri açıblar. Fransalı yarımmüdafiəçi Adama Diakabi adını tabloya yazdırıb. Fasilədən sonra gözlənilmədən qonaqlar bərabərlik topunu vurublar. Bosniya və herseqovinalı yarımmüdafiəçi Miço Kuzmanoviç 57-ci dəqiqədə rəqibi mərkəzə dəvət edib. Buna baxmayaraq, Naxçıvan təmsilçisi sona qədər müqavimət göstərə bilməyib. 90+5-ci dəqiqədə Abdullah Zubir “Qarabağ”a 2:1 hesablı qələbə qazandıran qolu vurub. Bu qələbədən sonra “Qarabağ” 6 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Araz-Naxçıvan” isə 3 xalla 6-cı yerdədir. Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” “Kəpəz”i (2:0), “Sumqayıt” “Qəbələ”ni (2:1), “Zirə” isə “Səbail”i (2:1) məğlub edib. Tura bu gün keçiriləcək “Sabah” – “Neftçi” görüşü ilə yekun vurulacaq.
Facebook-da paylaş