“Kəpəz” 21 ildir “Qarabağ”ı məğlub edə bilmir: “Tilsimin qırılması real görünmür” - FOTO
Azərbaycan Premyer Liqasının XXIX turunda “Qarabağ”ın qonağı olacaq “Kəpəz” 21 ildir ki, rəqibini məğlub edə bilmir. Şəffaflıq.az məlumatına görə, Gəncə təmsilçisi ölkə çempionatlarında sonuncu dəfə 2001/2002 mövsümündə Ağdam klubuna qalib gəlməyə müvəffəq olub. 2002-ci il aprelin 6-na təsadüf edən qarşılaşmada “Kəpəz” 3:0 hesablı qələbə qazanıb. Həmin görüşdə qollara Rövşən Əhmədov, Ruslan Sadıqov və Rövşən Süleymanov imza atıblar. Maraqlıdır ki, o dövrdə “köhlən atlar” “Qarabağ-Azərsun” adı altında çıxış edirdilər. Azərbaycanda futbolun durğunluq dönəminə düşən illərdə tez-tez komanda adı dəyişmək adi hala çevrilmişdi. Təsadüfi deyil ki, “Kəpəz”in “Gəncə” adlandırılmağa başladığı 2004/2005 mövsümündən ağdamlılar yenidən “Qarabağ” adı altında mübarizə aparıblar. Gəncə təmsilçisi nə şəhərin adını daşıdığı, nə də “Kəpəz” adını qaytardığı 2011-ci ildən indiyə qədər “Qarabağ”la ayaqlaşa bilib. 21 ildə 22 məğlubiyyət “Kəpəz” 2006-10, 2013-15 və 2018-22-ci illər aralığında yüksək liqada çıxış etməyib. Ötən 21 il ərzində komandalar çempionatda 27 dəfə üz-üzə gəliblər ki, bunun 5-də gəncəlilər heç-heçəyə sevinə biliblər. Qalan 22 qarşılaşma “Qarabağ”ın qalibiyyəti ilə yekunlaşıb. Bu görüşlərdə “Kəpəz” 11, “Qarabağ” isə 47 qol vurub. Halbuki 2002-ci ilə qədərki dönəmdə üstünlük Gəncə təmsilçisinin tərəfində olub. “Kəpəz” 1992-2002-ci illər aralığında rəqibini 14 dəfə məğlub edib, altı görüşdə uduzub. Digər beş oyun heç-heçə nəticələnib. Digər diqqətçəkən məqam “Qarabağ”ın son 16 matçda “Kəpəz”in qapısına yol tapmasıdır. Axırıncı dəfə 2012-ci ilin oktyabrında Gəncədəki matçda qonaq komanda qol vura bilməyib və 0:0 hesabı qeydə alınıb. Kənan Kərimov: “Davamiyyət itməsəydi, belə uğursuz seriya olmazdı” “Kəpəz”in “Qarabağ” üzərində son qələbəsinin iştirakçılarından olan Kənan Kərimov bu seriyanın səbəbini Gəncə futbolundakı enişdə görüb: “Açığı, həmin oyunu xatırlamıram. Bilirsiniz ki, “Kəpəz” uzun müddət Premyer Liqada iştirak etmədi, şəhər futboldan uzaq düşdü. Böyük şəhər olmasına baxmayaraq, Gəncə futbolunda eniş yaşandı. Mən 21 illik tilsimi bu stabilliyin olmaması ilə əlaqələndirirəm. Fikrimcə, “Kəpəz” böyük futboldakı davamiyyətini itirməsəydi, belə bir uğursuz seriya olmazdı”. Sabiq hücumçu “Kəpəz”in 20 il əvvələ qədər daim yüksək yerlər uğrunda mübarizə apardığını xatırladıb: “Həmin vaxtlar ölkə futbolu da, futbolçular da fərqli idilər. Zarafat deyil, 20 il əvvəldən danışırıq. Sonrakı dövrlərdə “Kəpəz” hər il Premyer Liqada yer alsaydı, indi birinci-ikinci yerlər uğrunda mübarizə aparardı. Çünki “Kəpəz” yüksək dəstədə stabil oynadığı vaxtlar həmişə iddialılar sırasında yer alıb. Üstəlik, bu illər ərzində “Qarabağ” da çox inkişaf edib”. 47 yaşlı mütəxəssis Gəncə təmsilçisinin növbəti qarşılaşmada tilsimi qıracağına inanmır: “Hazırkı durumda tilsimin qırılması real görünmür. Çünki komandalar arasında böyük səviyyə fərqi var. “Kəpəz”in autsayderlər zonasında qərarlaşması komandanın daha mübariz çıxış etməsinə təkan ola bilər. Fikrimcə, Gəncə təmsilçisi səfər matçında 1 xal üçün döyüşə bilər. Amma qələbə qazanması inandırıcı deyil”. Qeyd edək ki, aprelin 9-da “Azərsun Arena”da keçiriləcək “Qarabağ” - “Kəpəz” oyunu saat 18:30-da başlayacaq.
Facebook-da paylaş