Ötən ay Sumqayıtda 15 nəfəri gün vurub
İyul ayında 16 nəfər günvurma və istivurma ilə bağlı TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib. Şəffaflıq.az xəbər verir ki, müraciətlərin 15-i Sumqayıtdan, 1-i isə Novxanı kəndi ərazisindəndir. Qeyd edilib ki, onlardan 8-i qadın, 8-i kişi, 10 nəfəri böyük, 6-sı uşaq olub və xəstələrə lazımi tibbi yardım göstərilib. Müraciət edən böyüklərdən 5 nəfəri Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına hospitalizasiya olunub. Uşaqlardan biri Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına, digəri isə Novxanı bağlarındakı təcili yardım briqadası tərəfindən Bakı şəhər 2 saylı Uşaq xəstəxanasına hospitalizasiya olunub. Son günlərdə isə 1 nəfər uşağı günvurması ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət olunub. Lazımi tibbi yardım göstərilib. Məlumatda əhaliyə günəş şüasının intensiv vaxtlarında, yəni 14:00-dan 16:00-dək gün altına çıxmamaları, yüngül geyimlərdən istifadə etmələri, bol meyvə tərəvəzlər, sərin şirələr və maye qəbul etmələri tövsiyə edilib.
Facebook-da paylaş