Putin ölkəsindəki “37-ci il” ab-havası ilə bağlı suala cavab verdi
Rusiya Prezidenti Vladimir Putin "Rusiya - Afrika" sammitinin yekunlarına dair mətbuat konfransında "yeni 37-ci il" barədə danışıb. Şəffaflıq.az report-a istinadən xəbər verir ki, "Kommersant" qəzetinin müxbiri Andrey Kolesnikov Rusiya Prezidentinə müxalifətçilərin həbsi ilə bağlı sual ünvanlayıb. Jurnalist Putinə həbs edilmiş sosioloq Boris Kaqarlitskinin (onun barəsində Kerç körpüsündə partlayışla bağlı yazıya görə terrora haqq qazandırmaq maddəsi üzrə cinayət iş açılıb), eləcə də teatr direktoru Yevgeni Berkoviçin (o, İŞİD tərəfindən cəlb edilmiş rusiyalı qadınlar haqqında tamaşaya görə terrorçuluğa haqq qazandırmaqda ittiham olunur) adlarını çəkib. Kolesnikov soruşub: İnsanları yazılı və ya şifahi dedikləri sözlərə görə həbs edirlər. Bu normaldır? Allaha şükür, indi ki 37-ci il deyil?! Yoxsa bəziləri artıq, bilirsiniz, düşünürlər ki, bəlkə, elə 37-ci ildir? Putin cavab verib: Deməli, bizdə 2023-dür. Rusiya Federasiyası isə qonşusu ilə silahlı münaqişə vəziyyətindədir. Düşünürəm ki, ölkə daxilində bizə zərər verən insanlara müəyyən münasibət... olmalıdır. Rusiya Prezidenti bir neçə dəfə Kolesnikovun kimdən söz açdığı bilmədiyini deyib: "Bu soyadları ilk dəfədir eşidirəm. Mən onların nə etdiklərini, onlara nə etdiklərini heç də anlamıram". "Ancaq biz başa düşməliyik ki, uğur qazanmaq üçün, o cümlədən döyüş zonasında hamımız müəyyən qaydalara əməl etməliyik. Nə etdiklərini bilmirəm, sonra danışarsınız. Bəlkə də, onlar bu rəftara layiq deyillər", - ölkə lideri əlavə edib.
Facebook-da paylaş