Bakıda Türkiyənin MİLLİ BAYRAMI QEYD OLUNDU
Türkiyənin Azərbaycandakı səfirliyi cümhuriyyətin elan edilməsinin 96-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.
Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin səfirləri, ictimaiyyətin nümayəndələrivə digər qonaqlar iştirak ediblər.
Mərasim hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxuyub. Məktubda qeyd olunub ki, Türkiyə xalqı bir millət və dövlət olaraq son dövrlərdə əhəmiyyətli anlar yaşayır: “Qarşıdakı ildə Türkiyə Böyük Millət Məclisinin yaradılmasının 100-cü ildönümünü qeyd edəcəyik. Biz dövlət və millət olaraq son illər yenə də bir istiqlal savaşı verməkdəyik. Hazırda Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” əməliyyatı da bu mübarizəmizin bir hissəsidir. Türkiyə Cümhuriyyəti terrorla uğurla mübarizə aparır. Türkiyə bu məsuliyyətli işin öhdəsindən gələcək potensiala malikdir. Ölkə 2023-cü ildə hədəfinə çatacaq və bununla da gələcək nəsillərə daha güclü Türkiyə miras qoyacaq".
Milli Məclisin sədri Oqtay Əsədov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə xalqına səmimi təbriklərini çatdırıb. Onun sözlərinə görə, Türkiyə ötən 96 ildə böyük inkişaf yolu keçib. Bu gün Türkiyə dünyada güclü dövlət kimi tanınır. Türkiyə ilə Azərbaycan arasında sıx qardaşlıq əlaqələri mövcuddur. Bu günədək ölkələrimiz arasında 240-dan çox sənəd imzalanıb. İki ölkə arasında böyük iqtisadi-ticari əlaqələr var. Ölkələrimiz birlikdə böyük layihələrə imza atıblar. Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrin möhkəmlənməsində parlamentlərarası dostluq qruplarının böyük rolu var. Qardaş dövlətlərimiz beynəlxalq təşkilatlarda da sıx əməkdaşlıq edirlər və bir qayda olaraq mövqelərimiz üst-üstə düşür. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Türkiyə ölkəmizin haqlı mövqeyini birmənalı şəkildə dəstəkləyir. İki ölkənin dövlət başçılarının qardaş münasibətləri dövlətlərimiz və xalqlarımız arasındakı əlaqələrə öz müsbət təsirini göstərir.
Şəffaflıq.az
Facebook-da paylaş