Gürcüstanda Heydər Əliyevin 100 illiyi qeyd olunub - YENİLƏNİB + FOTO
Gürcüstanda ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib, Azərbaycan-Gürcüstan əlaqələrinin möhkəmləndirilməsində və strateji əməkdaşlıq səviyyəsinə yüksəlməsində ulu öndərin mütərəqqi xarici siyasət kursu vurğulanıb. Tbilisidə Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşkilatçılığı ilə Zakariya Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Gürcüstan əlaqələrinin möhkəmləndirilməsi və strateji əməkdaşlıq səviyyəsinə yüksəldilməsində Ulu Öndərin mütərəqqi xarici siyasət kursunu vurğulayıb. Bildirilib ki, Gürcüstanla həyata keçirilən layihələr regional tərəfdaşlıqda mühüm rol oynamaqla, ölkələrimiz arasında əlaqələri daha da gücləndirib. Ümummilli Lider ölkələrimiz arasında müxtəlif sahələrdə iqtisadi əməkdaşlığın genişləndirilməsini təşviq edib, qarşılıqlı sərmayələrin artırılması, birgə müəssisələrin yaradılması və ticarət əlaqələrinin genişləndirilməsi üçün misilsiz işlər görüb. Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Heydər Əliyevin iki ölkə arasında qarşılıqlı faydalı münasibətlərin gücləndirilməsinə verdiyi töhfəni vurğulayıb, Azərbaycanın etibarlı strateji müttəfiq olduğunu diqqətə çatdırıb. Azərbaycanın Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Soltan Məmmədov Gürcüstanda Ulu öndərin xatirəsinin hər zaman əziz tutulduğunu qeyd edib, iki ölkə arasında münasibətlərin şaxələndirilməsi üçün görülən işlərdən danışıblar. Azərbaycanın və Gürcüstanın tanınmış incəsənət xadimlərinin də çıxış etdiyi tədbirdə Heydər Əliyevin 100 illiyinə həsr olunan “Tərəqqinin memarı” adlı fotosərgiyə baxış keçirilib. 10:44 İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanda ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil edilmiş tədbirdə iştirak edib. O, bunu öz rəsmi “Facebook” hesabında paylaşıb. “Ulu öndərin mütərəqqi xarici siyasət kursu Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafı, möhkəmləndirilməsi və strateji əməkdaşlıq səviyyəsinə yüksəlməsi üçün möhkəm təməllər yaradıb”, - deyə paylaşımda bildirilib. Şəffaflıq.az
Facebook-da paylaş