Saatlıda hamilə qadını ailəsi ilə danışmaq istədiyinə görə döyüblər - YENİLƏNİB + FOTO
Əri, qaynı və qayınanası tərəfindən döyülən hamilə qadının durumu açıqlanıb. Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Qeyd edilib ki, 1990-cı il təvəllüdlü T.Məmmədova təcili tibbi yardım briqadası tərəfindən xəstəxananın Təcili Tibbi Yardım bölməsinə təxliyə olunub: “Ona ilkin olaraq kürəyin və sol sağrı nahiyəsinin yumşaq toxumalarının əzilməsi, dərialtı hematoması diaqnozu qoyulub. Aparılan əlavə tibbi müayinələr zamanı vətəndaşın dörd həftə beş günlük hamilə olduğu aşkar olunub. Həkimlər tərəfindən ona zəruri tibbi xidmət göstərilib və vəziyyəti qiymətləndirildikdən sonra ambulator müalicə üçün evə buraxılıb”. 15:52 Saatlı rayonunda əri, qaynı və qayınanası hamilə qadını ailəsi ilə danışmaq istədiyinə görə döyüb. Bununla bağlı Oxu.Az-a Saatlı sakini, döyülən T.Məmmədovanın qardaşı məlumat verib. O qeyd edib ki, bacısı Yardımlı rayonundan Saatlıya gəlin köçüb: “Bacımın hazırda bir azyaşlı qızı var, ikinci uşağa hamilədir. Bətnindəki körpəsi bir aylıqdır. Ailəsi ilə bundan öncə də dəfələrlə problem yaşayıb. Məişət məsələlərinin üstündə zorakılıq görüb. Oğlanın ailəsi təhsilsizdir, üç ildir ailəlidirlər, indiyə qədər telefon işlətməsinə icazə vermirlər. Dəfələrlə bildirmişəm, bizimlə əlaqə qurması üçün telefon lazım olduğunu qeyd etmişəm. Amma onlar qətiyyətlə deyiblər ki, qadın telefon işlədə bilməz. Bacımı da bizimlə əlaqə saxlamaq, anamla danışmaq istəməyinin üstündə döyüblər. Bacımın əri müharibə iştirakçısıdır. Amma heç bir problemi olmayıb. Kontuziyası yoxdur, yəni səbəb bu məsələlər deyil. Bundan öncə bacımı döydükləri zaman mənə məlumat verən kimi yanına getdim. Çatana qədər evinə polis göndərmişdim. Amma mən oraya gedənə qədər bacımı qorxutmuşdular, təhdid etmişdilər, nə demişdilərsə, o, polisə şikayət etməmişdi. Əri bizdən də üzr istədi, azyaşlı qızına görə bağışlamağımızı xahiş etdi. O zaman dözdük, bacım ayrılmadı. Bu dəfə isə yenə döyüblər. Yenə evlərinə daxil olmadan əvvəl polisə məlumat verdim, gözlədim. Amma polis gəlmədi. Məcbur olub, bacımı götürüb Bakıya, xəstəxanaya gətirdim. Qızı körpə olduğundan o da anası ilə birlikdədir. Bacımı təkcə əri deyil, qaynı, qayınanası da döyürdülər. Onlar üçün bu adi haldır, düşünürlər ki, qadın döyülməlidir. Bacımın müayinələri yekunlaşsın, boşanma tələbi ilə müraciət edəcək. Hələlik həkim nəzarətindədir, körpəsinin həyatda qalıb-qalmadığını müəyyənləşdirməyə çalışırlar”. 12:56 Saatlı rayonunda hamilə qadın döyülüb. Oxu.Az xəbər verir ki, bununla əlaqədar sosial şəbəkələrdə foto və məlumat yayılıb. Belə ki, Saatlı sakini T. Məmmədovanın yaxınları onun əri Təbriz Orucov, qayınanası və qaynı tərəfindən vəhşicəsinə döyüldüyünü iddia ediblər. Hamilə qadının qohumlarının sözlərinə görə, Təbriz Orucov müharibə iştirakçısıdır. Qadının aldığı xəsarətləri əks etdirən fotosunu təqdim edirik: Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edib ki, Saatlı RPŞ-də müvafiq araşdırmalar aparılır. Aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. Şəffaflıq.az
Aysel Aslan
Facebook-da paylaş