Toy qanununu pozana hökumət “toy tutacaq” - 1200 DOLLAR CƏRİMƏ...
Özbəkistanda toy və ailə mərasimlərinin keçirilməsi qaydalarını pozanlara qarşı 1200 dollar cərimə tətbiq edilə bilər.
Şəffaflıq.az “Azadlıq” radiosunun özbək xidmətinə istinadən xəbər verir ki, hökumət portalında inzibati hüquqpozmalar Məcəlləsində bu barədə dəyişiklik edilməsini nəzərdə tutan layihə müzakirəyə çıxarılıb. Məcəlləyə “Toyların, ailə məclislərinin, yas mərasimlərinin və tədbirlərinin keçirilməsi qaydalarının pozulması” barədə ayrıca maddə əlavə edilməsi təklif olunur. Maddəyə əsasən həmin qaydaları pozan şəxslər 240 dollar cərimə ödəməlidir. Qaydalar hüquqi şəxslər tərəfindən pozulanda isə cərimənin məbləği 1200 dollar olacaq.
Bundan əvvəl Özbəkistan Senatı dəbdəbəli toylara qadağa qoyan qanunu qəbul edib. Qanuna əsasən toylara çağırılacaq qonaqların sayı 150-ni keçə bilməz, habelə toy kortejindəki avtomobillərin və toya çağırılacaq müğənnilərin də sayı məhdudlaşdırılır. Bu qanun Özbəkistanda toylarda və yas mərasimlərində israfçılığın qarşısını almaq üçün qəbul edilib. Belə ki, ailələr övladlarına dəbdəbəli toy edə bilmək üçün əksər hallarda ağır borcların altına girir.
Facebook-da paylaş