Azərbaycanda beş nəfərin ölümü ilə nəticələnən qəzada yaralanan şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB + VİDEO
Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində baş verən dəhşətli yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxsin vəziyyəti açıqlanıb. Kliniki Tibbi Mərkəzdən Oxu.Az-a bildirilib ki, Qobustanda baş verən yol qəzasında xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Xası qızı Nuriyeva mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib: “Yaralı sol mil-bilək nahiyəsinin qapalı yerdəyişmiş sınığı diaqnozu ilə şöbəyə daxil olub, lazımi ilkin tibbi yardım göstərilib. Hazırda vəziyyəti stabildir, huşu aydındır. Xəstəyə zəruri tibbi yardımın göstərilməsi davam etdirilir”. 14:57 Bu gün Qobustanda baş verən dəhşətli qəzada ölənlərlə bağlı yeni məlumat yayılıb. APA xəbər verir ki, qəzada ölənlər bir ailənin üzvləridir. Belə ki, 1990-cı il təvəllüdlü Məhərrəm Səmədov və 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova ər-arvad olub. Qəzada ölən azyaşlı isə onların övladıdır. Qəzada ölən Əmrah Nuriyev Şəbnəm Səmədovanın qardaşı, xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə anasıdır. Hadisə nəticəsində həlak olan 2006-cı il təvəllüdlü Səmayə Talıbova ilə 2000-ci il təvəllüdlü Ə.Nuriyevin yaxın günlərdə nişan mərasimi olacaqmış. Onlar Bakıya nişan üzüyü almaq üçün gedirlərmiş. 10:50 Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində baş verən dəhşətli yol-nəqliyyat hadisəsi zamanı ölənlərin adları məlum olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, bu gün səhər saatlarında Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində KIA markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1990-ci il təvəllüdlü Məhərrəm Səmədov, 2000-ci il təvəllüdlü Əmrah Nuriyev, 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova, 2006-ci il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı vəfat edib. Xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib. Faktla bağlı araşdırma aparılır. 09:34 Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə zamanı KIA markalı avtomobil aşıb. Qəza nəticəsində iki qadın, iki kişi və bir uşaq həlak olublar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan saytımıza bildirilib ki, bu gün səhər saatlarında Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində KIA markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində biri azyaşlı olmaqla beş nəfər vəfat edib. Xəsarət alan 1 nəfər isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib. Faktla bağlı araşdırma aparılır. İlhamə Əbülfət Şəffaflıq.az
Facebook-da paylaş