Azərbaycanda varisi olmayan əmlakın bələdiyyələrə verilməsi ləğv olunur.
Azərbaycanda varisi olmayan əmlakın bələdiyyələrə verilməsi ləğv olunur. Şəffaflıq.az-ın xəbərinə görə, bununla bağlı “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” qanuna dəyişiklik təklif edilir. Hazırda vərəsəliklə bağlı əsas tənzimləyici sənəd olan Mülki Məcəllədə varisi olmayan əmlakın bələdiyyələrə keçməsi halı nəzərdə tutulmayıb. Məcəllənin vərəsələri olmayan əmlakın xəzinəyə keçməsi adlanan 1165-ci maddəsi bu məsələləri aşağıdakı kimi tənzimləyir: Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməyibsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilibsə, vərəsələri olmayan əmlak dövlətə keçir. Əgər miras qoyan şəxs sosial xidmət müəssisələrinin təminatında olubsa, bu halda həmin şəxslərə məxsus daşınar əmlak sosial xidmət müəssisələrinin mülkiyyətinə keçir. Bu səbəbdən qanunun 3-cü maddəsinin birinci hissəsinin beşinci abzasının ləğvi (varisi olmayan əmlakın bələdiyyələrə keçməsi yolu ilə əldə olunan əmlak) təklif olunur. Bu müddəanın ləğvi hüquqi baxımdan bələdiyyələrin vəsiyyət üzrə əmlak əldə etmək imkanını aradan qaldırmır. Belə ki, qanunun 3-cü maddəsinin birinci hissəsinin altıncı abzası ilə “bələdiyyələrə vəsiyyət edilən əmlak” bələdiyyə əmlakının yaranması mənbələrindən biri kimi təsbit edilib.
Facebook-da paylaş