Paşinyan: “Sülh müqaviləsi üzərində aparılan işin növbəti mərhələsi başa çatıb, sənəd Bakıya təqdim edilib”
“Fevralın 15-də Ermənistan Azərbaycanla sülh müqaviləsi üzərində apardığı işin növbəti mərhələsini başa vurub, eyni zamanda, bu təklifləri Bakıya təqdim etmişik”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. Nikol Paşinyan həmçinin qeyd edib ki, sənəd ATƏT-in keçmiş Minsk qrupunun həmsədr ölkələrinə də təhvil verilib. “Biz layihə üzərində belə bir məntiqlə işləyirik: istənilən vaxt imzalamağa hazır olan sənəd hazırlayaq. Aydındır ki, sənəd Azərbaycan üçün də məqbul olmalıdır. Lakin biz ümid edirik ki, danışıqların üç fazası ərzində əldə edilmiş proqresin bir hissəsini inkişaf etdirmək mümkün olacaq”, - deyə Nikol Paşinyan qeyd edib. Nikol Paşinyan əlavə edib ki, imzalanacaq sənəd davamlı sülhə gətirib çıxarmalıdır və gələcəkdə bu müqavilə hansısa yeni müharibəyə çevrilməməlidir. Paşinyan etiraf edib ki, səsləndirdiyi sonuncu variant absurd səslənir, lakin onun başvermə ehtimalı mümkündür. Paşinyan şəxsən özünün və Ermənistan hökumətinin sülh sazişini mümkün qədər tez imzalamağa hazır olduğunu da bəyan edib. Qeyd edək ki, daha əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycandan sülh müqaviləsi ilə bağlı təkliflər aldıqlarını bildirmişdi. Fevralın 14-də isə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, Ermənistan Azərbaycan ilə sülh müqaviləsinin mətni üzərində işləyir və onu yaxın zamanda təhvil verəcək. Şəffaflıq.az
Facebook-da paylaş