Məscidlərdə qadın dini ayinlərin icraçısı üzrə müsahibə keçiriləcək


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 13-15 fevral 2023-cü il tarixlərində İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün növbəti dəfə müsahibə keçiriləcək.

Komitədən bildirilib ki, 25 oktyabr - 25 noyabr 2022-ci il tarixində elan edilən müsahibənin bu mərhələsində qadın dini ayinlərin icraçısı vəzifəsinin tutulması üçün müraciət edən namizədlərin seçimi aparılacaq. Qadın din xadimləri ilə bağlı Bakı, Sumqayıt, Gəncə, Şəki, Zaqatala və Quba şəhərlərində, eləcə də Lənkəran rayonunda yerləşən məscidlərdə 7 vakant yer üzrə 71 müraciət qeydiyyata alınıb.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ilahiyyatçılardan təşkil etdiyi Müsahibə komissiyası tərəfindən aparılacaq seçimlər Azərbaycan İlahiyyat İnstitutunun binasında təşkil ediləcək. Qeydiyyatdan keçmiş hər bir namizədə müsahibənin keçiriləcəyi gün və saat haqqında fərdi qaydada məlumat verilib.

Müsahibənin nəticələri isə keçirildiyi gün ərzində komitənin rəsmi internet saytında (scwra.gov.az) yerləşdiriləcək. Uğur qazanmış namizəd təsdiq edilmiş qaydalara əsasən, müsahibə bitdikdən sonra 30 iş günü müddətində komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerinə və ya ziyarətgaha qadın dini ayinlərin icraçısı təyin olunacaq.

Xatırladaq ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn məsələlərin həlli məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” hazırlanıb. Bu qaydaya əsasən, Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün mütəmadi olaraq müsahibələr təşkil edilir.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}